İmam Əhmədin (Allah onda razı olsun) “Qurana aid olan sözüm məxluqdur” deyənin kafir olduğunu söylədiyi qeyd olunur. Halbuki bu ifadəni işlədən şəxs “sözüm məxluqdur” deyərkən öz səsini nəzərdə tuta bilərdi, bu halda kafir olmazdı, çünki insanın səsi məxluqdur. Amma əgər bu ifadə ilə Allahın əzəli kəlamı nəzərdə tutulursa, o zaman kafir olar. Sual budur: Necə olur ki, İmam Əhməd iki fərqli ehtimal mövcud olduğu halda bu sözü deyəni kafir hesab etmişdir? Halbuki Əhli-Sünnə qaydalarına görə yalnız açıq-aşkar söz və əməllərlə küfrə düşmək olur.
Cavab:
Belə demək olar ki, İmam Əhmədin dövründə bu ifadə yalnız Qur’anın məxluq olduğunu iddia edən cəhmilərdən eşidilirdi. Beləliklə, bu ifadə ilə ümumi deyil, xüsusi bir məna nəzərdə tutulmuşdur. Yaxud İmam Əhmədin bu cür ifadələrin fitnə və zərərli düşüncələrə yol açmasının qarşısını almaq məqsədilə qapını bağlamaq istəyi olmuşdur. İmam Səffarini öz əsəri “Ləvayih əl-Ənvar”da bu barədə belə deyir:
“İmam Əhmədin və digər hənbəli alimlərin məqsədi Qur’anı qorumaq və bidətçi dillərin onu təhrif etməsinə mane olmaqdır. Xüsusilə də, belə ifadələrdən istifadə etməklə Qur’anın məxluq olduğunu iddia edənlərin qarşısını almaq istəmişlər. Lakin bu da şübhəsizdir ki, insanların səsləri, sözləri və onlardan çıxan digər şeylər məxluqdur, çünki sözlər insanın özündəndir və onlar insandan kənara çıxmaz. Belə olduqda, doğru olan yanaşma budur: Qur’an əzəlidir, lakin mənim sözlərim məxluqdur. Bu da aydın bir məsələdir və Allah’a həmd olsun”.