Müəllif (رحمه الله)buyurur:
"فيجب تعيين معينة"
"Müəyyən olanı təyin etmək vacibdir". İzah: Peyğəmbər (salləllahu aleyhi və səlləm) hədisdə buyurur: "Əməllər yalnız niyyətlərə görədir". Fəqihlər demişlər:” Bu rəvayətə əsasən niyyət əməllərin səhihliyi üçün şərtdir”. Daha sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Hər bir şəxs niyyət etdiyi şeyi əldə edir". Demişlər ki, bu cümlə digər bir hökmü ifadə edir. Həmin hökm: “Müəyyən olan niyyəti təyin etməyin vacibliyidir”. Misal: İnsan zöhr namazını qılmaq istəyir. Onun xüsusi olaraq zöhr namazı üçün niyyət etməsi gərəkdir. Habelə zöhrün sünnətini, yaxud vitri qılmaq istədikdə, həmin namazı niyyət etməsi gərəkdir.
Müəyyən olan namazları qılmaq istəyən şəxs onun üçün niyyət etməsi lazımdır. Habelə müəyyən olmayan namazlar vardır. Bu namazlara mütləq nafilələr deyilir. Həmin namazlar üçün niyyəti təyin etmək vacib deyil. Misal: Bir adam Allah üçün iki rükət namaz qılmaq istəyir. Onun bu namaz üçün xüsusi bir niyyət etməsi gərəksizdir. Xülasə: İnsan fəcr namazını qılacağı zaman fəcr namazını niyyət etməsi, işa namazını qılacağı zaman işa namazını niyyət etməsi gərəkdir. Ancaq fəqihlər yalnız onun adını təyin etməyi şərt qoymuşlar. İnsanın namazı sadəcə fəcr olaraq niyyət etməsi yetərlidir. Əlavə olaraq vaxtında qılınan namazın fərz və yaxud nafilə, əda və yaxud qəza olmasını niyyət etməsi şərt deyil. Misal: İnsan sübh vaxtı qalxır və dəstəmaz alır. Daha sonra təkbir gətirib fəcr namazını qəlbində niyyət etmədən iki rükət namaz qılır. Bu halda onun namazı fəcr deyil, mütləq nafilə olaraq hesaba alınır. Həmçinin məzhəbdə olan mötəməd görüşə görə niyyəti dillə demək müstəhəbdir. Onun yeri isə qəlbdir. Habelə insan qəlbində zöhr namazını niyyət edərsə, ancaq dili ilə əsr namazını tələffüz edərsə bu onun niyyətinə zərər yetirməz. Bundan əlavə fərz namazlarında onu fərz olaraq niyyət etməsi şərt deyil. Misal üçün onun zöhr namazını niyyət etməsi kifayətdir.
(شرح أخصر المختصرات، تأليف: ابن بلبان الحنبلي)
(Şərh Əxsarul müxtəsarat. Müəllif: İbn Bəlbən əl-Hənbəli)