"و تسقط الصلاة عليه بمكلف"
"Mükəlləfin qılması ilə ona cənazə namazını qılmağın vacibliyi qüvvədən düşür".
Cənazə namazının hökmü kifayi fərzdir. Bir mükəlləf şəxsin həmin ibadəti yerinə yetirməsi, digər insanları ondan azad edir.
"و تسن جماعة"
"Onu camaat halında qılmaq sünnədir". Cənazə namazını camaatla qılmaq vacib deyil müstəhəbdir. Bir nəfər mükəlləf şəxsin onu qılması yetərlidir.
Cənazə namazında cərgələrin üçdən az olmaması sünnədir. Çünki Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurur: “Əgər bir adama insanlardan üç cərgə namaz qılarsa, cənnət ona vacib olar”. Əgər cənazədə iştirak edənlər altı, yaxud daha çox olarlarsa, iki-iki cərgələrə düzüləcəklər. Əgər dörd nəfər olarlarsa, iki cərgə edəcəklər. Cənazə namazında cərgədə tək duran şəxsin namazı səhih deyil. Cənazə qıldırmağa daha layiq olan vəsiyyət edilmiş ədalətli şəxsdir. Çünki səhabələr belə edərdilər. Əbu Bəkr onun cənazəsini qılmağı Ömərə  vəsiyyət etmişdir. Əgər bir adam onun cəazəsini qıldırmağı fasiqə vəsiyyət edərsə səhih olmayacaq. Cənazə namazını məsciddə qılmaq icazəlidir.
"و قيام إمام و منفرد عند صدر رجل و وسط امرأة"
"Cənazə namazında imam və tək başına namazı qılan şəxs kişinin sinəsi tərəfdə, qadının isə orta tərəfində dururlar".
Cənazə namazı camaatla qılınacağı zaman imam kişinin sinəsi tərəfdə durur. Qadının isə orta tərəfində durur. Həmçinin cənazə namazını tək başına qılan şəxs imamın durduğu yerdə durur. İmam Əhməddən  gələn bir rəvayətdə imam və tək başına namazı qılan şəxs kişinin baş tərəfində durururlar. Ancaq məzhəbdə mötəməd olan görüş, imamın, yaxud tək başına namaz qılanın kişinin sinəsi tərəfdə, qadının isə orta tərəfində durmasıdır. İmam, yaxud namazı tək başına qılan şəxs kişi meyyitinin ortasında, yaxud qadının ayaqları tərəfdə durarsa, onun cənazə namazı səhih olacaq. Cənazənin keçərli olması üçün şərt imamın, yaxud tək başına namazı qılanın cənazənin müqabilində durmasıdır. Əgər imam cənazənin müqabilində deyil, ondan kənar bir yerdə durarsa, bu halda cənazə namazı keçərsiz olacaq. Bəlli olur ki, cənazə namazının səhihlik şərti imamın, yaxud tək başına namazı qılan şəxsin cənazənin önündə durmasıdır. Kişi cənazəsinin sinə, yaxud baş tərəfində, qadın cənazəsinin orta tərəfində durmaq isə sadəcə müstəhəbdir.
"ثم يكبر أربعا"
"Daha sonra dörd təkbir gətirir". Cənazə namazını qılan şəxs niyyət edəndən sonra ayaq üstə durur və dörd təkbir gətirir. Gətirdiyi hər təkbir əsnasında əllərini qaldırır.
"يقرأ بعد الأولى و التعوذ الفاتحة بلا استفتاح"
"Birinci təkbirdən, habelə istiazədən sonra istiftah duasını oxumadan əl-Fatihə surəsini oxuyur". İlk öncə cənazə namazını qılan şəxs birinci təkbiri gətirir. Birinci təkbir ehram təkbiridir. Ehram təkbirini gətirəndən sonra istiftah duasını oxumur. Çünki cənazə namazında istiftah duasını oxumaq varid omayıb. İnsan ehram təkbirindən dərhal sonra istiazəni "əuzu billəhi minəş şeytanır racim" oxuyur, daha sonra əl-Fatihə surəsini qiraət edir.
"و يصلي على النبي بعد الثانية"
"İkinci təkbirdən sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat deyir”. Cənazə namazını qılan şəxs birinci təkbirdən sonra əl-Fatihə surəsini oxuyur, daha sonra ikinci təkbiri gətirir. İkinci təkbirdən sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat deyir. Salavatı təşəhhüddə olduğu kimi deyir. Həmin məqamda əs-salətul ibrahimiyyə adlanan salavatı deyir: "Allahummə salli alə muhammədin va alə əli muhamməd kəmə salleytə alə ibrahimə va alə əli ibrahim..."
"و يدعو بعد الثلاثة"
"Üçüncü təkbirdən sonra isə dua edir". Daha sonra cənazə namazını qılan şəxs üçüncü təkbiri gətirir və ardından dua edir. Xatırladığı ən gözəl duaları edir və ölü üçün habelə digər müsəlmanlar üçün dua edir.
"والأفضل بشيء مما ورد"
"Varid olan dualardan birini oxumaq isə daha fəzilətlidir".
Cənazə namazında dua edən şəxsin varid olmayan duaları oxuması icazəlidir. Ancaq sünnədə gələn duaları etməsi daha fəzilətlidir.
"اللهم اغفر لحينا وميتنا، وشاهدنا وغائبنا، وصغيرنا وكبيرنا، وذكرنا وأنثانا، إنك تعلم منقلبنا ومثوانا، وأنت على كل شيء قدير اللهم من أحييته منا فأحيه على الإسلام والسنة، ومن توفيته منا فتوفه عليهما، اللهم اغفر له واحمه وعافه واعف عنه، وأكرم نزله، وأوسع مدخله، واغسله بالماء والثلج والبرد ونقه من الذنوب والخطايا كما ينقى الثوب الأبيض من الدنس، وأبدله دارا خيرا من داره، وزوجا خيرا من زوجه، وأدخله الجنة، وأعذه من عذاب القبر، وعذاب النار، وأفسح له في قبره ونور له فيه"
"Varid olan dualardan biri: “Allahummə-ğfir lihayyinə va meyyitinə va şəhidinə va ğaibinə va sağirinə va kəbirinə va zəkərinə va unsəənə innəkə tə`ləmu munqaləbənə va məsvanə va əntə alə kulli şey`in qadir. Allahummə mən əhyəytəhu minnə fəəhyihi aləl isləmi vas sunnəti va mən təvaffeytəhu minnə fətəvaffəhu aleyhimə. Allahumə-ğfir ləhu varhəmhu va afihi va`fu anhu va əkrim nuzuləhu va əusi` mudxaləhu vağ-silhu bil məi vas səlci val bəradi va nəqqihi minəz zunubi val xatayə kəmə yunəqqas səubul əbyadu minəd dənəsi va əbdilhu dəran xeyran min dərihi va zəucən xeyran min zəucihi va ədxilhul cənnətə va əizhu min azəbil qabri va azəbin nəri va-fsəh ləhu fi qabrihi va nəvvir ləhu fih”.
"و إن كان صغيرا أو مجنونا قال: اللهم اجعله ذخرا لوالديه وفرطا وأخرًا وشفيعا مجابا، اللهم ثقل به موازينهما، وأظم به أجورهما، وألقه بصالح سلف المؤمنين، واجعله في كفالة إبراهيم، وقه برحمتك عذاب الجحيم"
Əgər ölən uşaq, yaxud ruhi xəstə olarsa bu duanı edəcək: “Allahummə-c`alu zuxran livalideyhi va fəratan va əcran va şəfian mucəbən. Allahummə səqqıl bihi məvazinəhumə va əazım bihi ucurahumə va əlhiqhu bisalihi sələfil mu`mininə vac`alhu fi kəfələti ibrahimə va qıhi birahmətikə azəbəl cəhim”. Həddi-buluğa çatmayan uşaq və ruhi xəstə mükəlləfiyət xaricində olduğu üçün onlar etdikləri günahlardan dolayı sorğu-sual olunmazlar. Bu səbəbdən onlar üçün dua edildiyi zaman "onun günahlarını bağışla" kimi dualar edilmir.
"ويقف عبد الرابعة قليلا، و يسلم ويرفع يديه مع كل تكبيرة"
"Dördüncü təkbirdən sonra qısa müddət durur və sonra salam verir. Hər gətirdiyi təkbirlə birgə əlləri qaldırır".
İnsan dördüncü təkbiri gətirəndən sonra heç bir dua etmir və qısa müddət dayanıb salam verir. Ancaq məzhəbin bəzi əshabı dördüncü təkbirdən sonra bu duanın ediləcəyini demişlər:
"اللهم لا تحرمنا أجره ولا تفتنا بعده واغفر لنا وله"
"Allahummə lə təhrimnə əcrahu va lə təftinnə bə`dəhu va-ğfir lənə va ləh”. Duanın tərcüməsi: “Allahım bizi onun əcrindən məhrum etmə, bizi ondan sonra sapdırma və bizi və onu bağışla!" Dördüncü təkbirdən sonra sağ tərəfə bir salam verir. Sol tərəfə ikinci salamı vermək də icazəlidir.
Cənazə namazında imamın cənazə çiyinlərə qaldırılana qədər yerində durması sünnədir. Cənazə namazını rükunları altıdır: Fərz olan cənazə namazında qiyamda durmaq , dörd dəfə təkbir gətirmək, əl-Fatihə surəsini oxumaq, Allah Elçisinə (salləllahu aleyhi və səlləm) salavat demək, meyit üçün dua etmək və salam vermək. Vaxt istisna olmaqla cənazə namazının şərtləri fərz namazının şərtləridir. Həmçinin cənazəsi qılınan meyit müsəlman olmalı, qaib namazı istisna olmaqla cənazə namazı qılanın önündə olmalı və üzr səbəbi ilə olsa da, meyit təharətli olmalıdır.
(شرح أخصر المختصرات، تأليف: ابن بلبان الحنبلي)
(Şərh Əxsarul müxtəsarat. Müəllif: İbn Bəlbən əl-Hənbəli)