İbn Qeyyim (رحمه الله) belə demişdir: Yaxşı zənn və özünü aldatmağın fərqi: “Allah barəsində yaxşı zəndə olmaqla özünü aldatmaq arasındakı fərq, habelə yaxşı zənnin saleh əmələ sövq etdiyi və ona aparıb çıxartdığı aydın oldu. Doğrusu, olan budur. Yox əgər günaha və Allaha itaətsizliyə aparırsa, deməli, özünü aldatmaqdan başqa bir şey deyil. Məhsul götürmək üçün münbit torpağı olan bir adam onu əkib becərmədən ondan məhsul gözləyirsə, o, ən səfeh insanlardandır. Axı torpağı əkib becərməlisən ki, ondan da məhsul götürəsən. Həmçinin, insan nə qədər ümiddə olsa da, yaxşı fikirləşsə də, cinsi əlaqəyə girmədən uşaq olmaz və ya elmə maraq göstərmədən, onu öyrənmək üçün səylə çalışmadan alim ola bilməz. Bu kimi misallar çox çəkə bilərik. Eləcə də insan Allaha itaət etmədən və əmirlərini yerinə yetirib qadağalarından çəkinmədən Allah qatında yüksək mərtəbəyə çatacağını və əbədi nemətə qovuşacağını ümid edirsə, böyük səhv etmiş olur. Allah uğur nəsib edəndir. Allah (سبحانه وتعالى) buyurur:
"اِنَّ الَّذ۪ينَ اٰمَنُوا وَالَّذ۪ينَ هَاجَرُوا وَجَاهَدُوا ف۪ي سَب۪يلِ اللّٰهِۙ اُو۬لٰٓئِكَ يَرْجُونَ رَحْمَتَ اللّٰهِۜ وَاللّٰهُ غَفُورٌ رَح۪يمٌ"(سورة البقرة ٢١٨)
“Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.”(əl-Bəqərə surəsi 218 ayət)
Düşün ki, Allah onların arzularını itaətlərlə bağlı saydı. Aldanmışlar deyərlər ki, Allahın qaydalarını pozan, əmrlərini rədd edən, qullarına zülm edən və qadağan etdiklərini edən kəslər Allaha ümid bəsləyərlər. Məsələnin məğzi ondan ibarətdir ki, Allah barəsində yaxşı zəndə olmaq və Onun mərhəmətinə ümid bəsləmək Allahın əmrlərinə mütləq əməl etmək, qadağalarından mütləq çəkinmək kimi ən böyük səbəbləri yerinə yetirməklə birgə gerçəkləşir və faydası olur. Bəndənin bu səbəbləri yerinə yetirdikdən sonra Allah barəsində yaxşı zəndə olmağa və Onun mərhəmətinə ümid bəsləməyə tam haqqı çatır. Yalnız bu şəkildə yaxşı zənnin, ümidin faydası olar və o puça çıxmaz.
(كتاب: الداء والدواء. تأليف: الإمام أبي عبدالله محمد بن أبي بكر بن أيوب ابن قيم الجوزية)