Hənbəli məzhəbinə görə insan səfərə çıxmaq istədikdə səfərə çıxmasına az qalmış gedəcəyi yeri müəyyən olaraq niyyət  etməlidir. Əgər bu niyyəti etməzsə, namazları yolda qısaltması səhih deyil. Hənbəli fəqihləri bu məsələyə bir halı misal çəkirlər. Misal olaraq Zaqatalaya getmək istəyən insan hüznlü halda hazırlaşaraq maşına əyləşir. Yolun yarısında xatırlayır ki, niyyət etməyib. Bu zaman bu insan səfərdə qılacağı namazları qısaltmır. Yolun yarısında niyyət etməsi də, keçərli deyil. Həmçinin insan niyyət edib səfərə çıxarsa, dört rükətli namazları qıldıqda qısaltma niyyəti edəcək. Misal olaraq insan zöhr namazını qıldıqda belə niyyət edəcək: Zöhrün fərzini qısaldaraq qılıram. Ancaq təkcə zöhrün fərzini  niyyət edərsə, namazı qısaltması səhih olmayacaq. Çünki zöhr namazının rükətlərinin sayı iki yox, dörd rükətdir.