əl-Bəqərə surəsi: 286 ayət
لَا يُكَلِّفُ اللّٰهُ نَفْساً اِلَّا وُسْعَهَاۜ لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْۜ رَبَّنَا لَا تُؤَاخِذْنَٓا اِنْ نَس۪ينَٓا اَوْ اَخْطَأْنَاۚ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَٓا اِصْراً كَمَا حَمَلْتَهُ عَلَى الَّذ۪ينَ مِنْ قَبْلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِه۪ۚ وَاعْفُ عَنَّا۠ وَاغْفِرْ لَنَا۠ وَارْحَمْنَا۠ اَنْتَ مَوْلَىٰنَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِر۪ينَ (سورة البقرة ٢٨٦)
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”(əl-Bəqərə surəsi: 286 ayət)
Uca Allah əl-Bəqərə surəsinin bu ayətinin əvvəlində insanın qazandığı əməllərdən danışır. Bu ayədə xeyir və şər əməlləri qazanmaqda istifadə edilən feillər eyni köklü olsada, xeyir əməlləri qazanmaqda istifadə edilən feil bir şeyi asanlıqla qazanmağı ifadə edir. Şər əməllərdə istifadə edilən feil isə افتعل babındadır. Bu babda olan feil isə insanın ziyadə əziyyət çəkərək əldə etdiyi bir şeyi ifadə edir. Sanki Uca Allah bununla qullarına demək istəyir ki, qullarım xeyir əməlləri mücərrəd olaraq niyyət etsələr belə onu qəbul edərəm. Ancaq şər əməlləri isə əziyyət çəkdikdən və bu əmələ tam baş vurduqdan sonra onu şər əməl olaraq qəbul edərəm. Bu isə Uca Allahın qullarına olan lütfüdür.