Hənbəli məzhəbinə görə əqiq kəsmək atanın borcudur. Ata sıxıntılı vəziyyətdə olsa belə borc alıb bunu kəsəcək. Hənbəli fəqihləri bu məsələdə İmam Əhmədin - rahiməhullah - sözünü dəlil gətirmişlər: "Əgər əqiq kəsməyə imkanı olmazsa, borc alacaq. Ümid edirəm ki, Allah ona əvəzini verəcək. Çünki o, sünnəni yaşadır." Şeyxul İslam ibn Teymiyyə - rahiməhullah - İmam Əhmədin -rahiməhullah - bu sözünə açıqlama gətirərək buyurur ki: " Bu söz borcuna vəfa edən, yəni onu vaxtında ödəyən insana aiddir. Əks halda borc alıb bu əməli yerinə yetirməyəcək. Çünki bu əməl borc alan şəxsin həm özünə, həm də borc aldığı adama zərər verməsidir."
Hənbəli məzhəbinə görə insanın atasının kəsə bilmədiyi əqiqi özü həddi-buluğa çatdıqdan sonra kəsməsi sünnə deyil. Əgər kəsərsə bu əqiq deyil, sədəqə sayılacaq.