Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.

(əl-Əraf surəsi: 27 ayət) Uca Allah bu ayədə bəşəriyyətin atası sayılan Adəm -əleyhissalam-ın cənnətdən çıxarılmasından danışır. Uca Rəbbimiz bildirir ki, İblis onların ata-anasının libasını soyunduraraq cənnətdən çıxarmışdır. Əslində isə ata-anamızı qadağan edilmiş ağaca yaxınlaşdıqlarına görə Cənnətdən çıxardan Uca Rəbbimizdir. Bəs nə üçün Uca Allah bunu İblisə nisbət etmişdir? Sanki Uca Allah bununla İblisin çirkin və iyrənc surətini yaratmışdır. Demək istəmişdir ki, sizi Cənnətdən çıxardan odur. Sizin libasınızı soyundurub bir-birinizə ayıb yerlərinizi göstərən odur. Sizi azdıran odur.