Məzhəbin rüknu Qadı Əbu Yalə əl-Hənbəli -rahiməhullah- (İbtalu-t-təvilət) kitabında Uca Allahın qiyamət günündə mömin qulun üzərinə kənəfini qoyması və onu insanlardan pərdələməsi barədə danışarkən deyir:


قوله (يضع عليه كنفه حتى يستره من الناس) فلا نعلم معنى الكنف ما هو، فنمر الخبر على ظاهره.


“Hədisdə buyurur: (Öz kənəfini mömin qulun üzərinə qoyacaq və onu insanlardan pərdələyəcək.) Biz (kənəf)-in nə mənada gəldiyini bilmirik. Bu səbəbdən xəbəri zahiri üzərə buraxıb keçirik.”


(İbtalu-t-təvilət an əxbəri-s-sıfət:228-ci səh)


Qadı Əbu Yalənin sözlərindən bir sıra məsələlər aydınlaşır:


Birinci məsələ: Qadı Əbu Yalənin (kənəf) sözünü bilmədiyini deməsi, Allaha izafət edilən bu sözün təfvid edilməsini ifadə edir. Çünki Qadı bu sözün mənasını bilmədiyini deyir. Halbuki ərəb dilində bu sözün mənası açıq-aydındır. Kənəf sözünün ərəb dilində mənası: Bir şeyin yaxud bir varlığın böyürü, yan hissəsidir.


Lakin Qadı Əbu Yalə bu kəlmənin mənasını bilmədiyini açıq şəkildə bildirir. Çünki Uca Allaha izafətdə həmin kəlmənin ərəb dilinin lazımları ilə isbat edilməsi, təcsimi (Allaha cisim verməyi) qaçınılmaz edir. 


İkinci məsələ: Qadı Əbu Yalə həmin kəlmənin mənasını bilmədiyini deyir və daha sonra onun zahiri üzərə buraxılacağını yaxud zahiri üzərə ötürüləcəyini deyir.

 

Qadı Əbu Yalənin bu sözləri, imamların (zahiri üzərə buraxırıq) sözləri arxasında gizlənən saxtakarların iddiasını kökündən puç edir. 


Çünki Qadı Əbu Yalənin və digər imamların buna bənzər sözləri, saxtakarlara onların sözlərini təhrif etməyə heç bir fürsət vermir.

 

Məlum olur ki, imamların sözlərində (zahiri üzərə ötürürük) sözləri, zahirdə olan mənanı isbat etmək yaxud iddia etdikləri mənanın əslini isbat etmək deyil. 


Hənbəli imamları zahir dedikləri zaman, bununla ləfzin zahiri üzərə buraxılacağını və ona ərəb dilində bilinən mənaların yüklənməyəcəyini, habelə onun təvil edilməyəcəyini qəsd etmişlər.


Bu məsələyə Nəcmuddin ət-Tufi -rahiməhullah- bir qədər geniş izah vermişdir.


Üçüncü məsələ: Həmin hədisdə gələn (kənəf) kəlməsi, Allahın quluna yaxınlığı, mərhəməti, onu pərdələməsi və qoruması kimi təvil edilmişdir. Ancaq Qadı Əbu Yalə hənbəli imamlarının üsullarına əsasən, bu cür nasslarda təvilə meyl etmir və həmin sözləri təfvid edir.


Müvəffəq edən Allahdır!