İmam Ibn Bəlbən əl-Hənbəli -rahiməhullah- dedi:


وَتَعْزِيَةُ اَلْمُصَابِ بِالْمَيِّتِ سُنَّةٌ وَيَجُوزُ اَلْبُكَاءُ عَلَيْهِ وَحَرُمَ نَدْبٌ, وَنِيَاحَةٌ, وَشَقُّ ثَوْبٍ, وَلَطْمُ خَدٍّ وَنَحْوُهُ.


"Yaxınını itirən şəxsə başsağlığı vermək sünnədir. Həmçinin ölüdən ötrü ağlamaq icazəlidir. Ancaq oxşamaq, ağı çəkmək, paltar cırmaq, üz vurmaq və bu kimi şeylər etmək haramdır."


(Əxsarul muxtəsarat, libni bəlbən)


Qısa izahlar:


Təziyə, yaxud başsağlığı vermək sünnədir. Bu əməl yaxın adamını itirən şəxsə təsəlli vermək anlamını daşıyır.  Allahın Elçisi -salləllahu aleyhi və səlləm- dünyadan köçmüş bəzi səhabələrdən ötrü ağlamışdı. Habelə oğlu İbrahim öləndə də, ağlamışdı. 


Oxşamaq: Ölmüş adamın gözəl xüsusiyyətlərini sadalayaraq ağlamaqdır.  


Ağı çəkmək: Ağlayarkən səsi ucaltmaq və bunu xüsusi bir tonda etməkdir.


Həmçinin paltarı cırmaq və üzə vurmaq kimi əməllər, Allahın qədərinə qarşı çıxmağa və ondan narazı qalmağa bir əlamət olduğundan ötrü haramdır. 


Habelə şivən qoparmaq, saçları yolmaq, üzü cırmaq və digər buna bənzər əməllər də, haramdır. 


Allahın qədərinə və yazısına narazılığı ifadə edən hər bir fel, yaxud söz haramdır. 


Ancaq qeyd edildiyi kimi bu şeylərə birləşik olmayan mərhəmət göz yaşları və insanın ağlaması icazəlidir və mübahdır.