Şeyx Abdullah ibn Muhamməd əl-Abdullah əl-Hənbəli -vaffəqahullah- buyurdu:


“Bəzi insanlar deyirlər: Siz özünüzü hənbəli imamlarının etiqadı məzhəbinə nisbət edirsiniz. Halbuki hənbəlilər özləri bildirirlər ki, əqidədə təqlid etmək qadağandır?  


Bu iradın cavabı belədir: 


Əqidədə təqlid iki formada olur:


Birinci: Qəti olan məsələlərdə təqliddir. Uca Allahın mövcudluğu, Onun tövhidi, risalətin doğru olması kimi məsələlər bura daxildir. Bu kimi məsələlərdə təqlid etmək haramdır. Əshab etiqadda təqlidin haram olduğunu dedikləri zaman, bunu qəsd edirlər. 


Bunun ardından əgər bu kimi məsələlərdə təqlid edən şəxsin təqliddə qəti bir inancı olarsa, beləsi günahkar mömindir. Əksi təqdirdə kafirdir. Əhli Sünnət bu mövzuda yekdil olmuşlar. Bu səbəbdən həmin məsələdə heç bir məzhəb digərindən fərqlənmir.


İkinci: Qəti olan məsələlərdən daha aşağı olan şeylərdir. Bu mövzuda Əhli Sünnətin məzhəblərində fərqli görüşlər ortaya çıxmışdır. 


Misal olaraq: Əşarilər və maturidilərdən fərqli olaraq hənbəlilər Uca Allahın qədim hərf və səsini isbat edirlər. Hənbəlilər və maturidilərdən fərqli olaraq əşarilər Uca Allahın kəlamının səssiz eşidiləcəyini isbat edirlər. Habelə hənbəlilər və əşarilərdən fərqli olaraq maturidilər Uca Allahın kəlamının yaradılmış bir səslə eşidiləcəyini isbat edirlər. Əhli Sünnətin məzhəbləri bu məsələlərdə bir-birindən fərqlənirlər. Lakin qeyd olunanlar qəti məsələləri şamil etmir. Hər bir məzhəbin etimad olunan kitabları vardır və həmin kitablar o məzhəbləri öyrənən tələbələrə tədris edilir.


Aydın olur ki, həmin məsələdə heç bir qarışıqlıq yoxdur. Çünki onların qadağan etdikləri təqlid ikinci deyil birinci bənddə qeyd olunana aiddir. Hənbəlilər həmin fərqi öz kitablarında qeyd etmişlər və məhz birinci bənddə qeyd olunan təqlidi qadağan etmişlər.”


Hənbəli imamlarından şeyxin bu sözlərini təsdiq edən iki nəqli qeyd edək:


İmam Muvaffəquddin ibn Qudamə -rahiməhullah- həmin məsələyə toxunaraq buyurur: 


"وإنما الذي قيل إنه لا يجوز لهم التقليد هو الأمر الظاهر الذي قد علموه لظهوره من غير احتياج إلى تعب ولا فكر ولا نظر كتوحيد الله سبحانه وتعالى ورسالة محمد صلى الله عليه وسلم ومعرفة وجوب الصلوات الخمس وصوم رمضان وسائر الأركان التي اشتهر وجوبها وعلم ذلك بالإجماع عليها فلا يحتاج فيه إلى بحث ولا نظر فهذا لا يجوز تقليدهم فيه.

وأما دقائق الاعتقادات وتفاصيل أحكام العبادات والبياعات فما يقول بوجوب اجتهادهم فيها إلا جاهل وهو باطل بما ذكرناه".

 


“Təqlidin icazəli olmadığı deyilən yalnız açıq olan məsələlərdir. Onun açıq-aşkar olması səbəbilə insanlar güc sərf etməyə, düşünməyə və araşdırmağa ehtiyac duymadan onu bilirlər. Misal üçün Uca Allahın tövhidi, Muhammədin -salləllahu aleyhi və səlləm- risaləti (peyğəmbərliyi), habelə beş vaxt namazın və Ramazan ayında orucun, habelə vacibliyi məlum olan və icma yolu ilə bilinən digər ərkanların vacibliyi bura daxildir. İnsan həmin şeylərdə araşdırma aparmağa və nəzər yetirməyə ehtiyac duymur. Bu səbəbdən insanların bu şeylərdə təqlid etmələri icazəli deyil. 


Ancaq etiqadın incəliklərinə, habelə ibadətlər və ticari anlaşmalarda əhkamların təfsilatına gəldikdə isə, (avam) insanların bu kimi şeylərdə ictihad etməli olduqlarını yalnız cahil deyər. Bu isə qeyd etdiyimiz sözlərə əsasən batildir.” (Təhrimun nazar fi kutubil kələm:47-ci səh)      

                  

İmam Nəcmuddin ət-Tufi -rahiməhullah- həmin məsələ barədə danışaraq buyurur:


لعلك تقول: هل يجوز التقليد في أصول الدين حتي يقول: قلد فيه المقلد؟ فنقول: نعم.

و تحرير ذلك أن مسائل الشريعة: إما ظني كالفقهيات، أو علمي قاطع كالتوحيد و النبوات، أو واسطة بينهما، كهذه المسائل الدائرة بين أهل الحديث و المعتزلة و الجهمية و نحوهم، فهذه ارتفع دليلها عن القسم الأول و انحط عن القسم الثاني، لكن تعارضت فيها الشبه و تصادمت الحجج، فجاز فيها التقليد للعامي، و لم يسغ فيها التكفير، والله عز و جل أعلم بالصواب


“Bəlkə də, deyəcəksən: Məgər dinin üsullarında təqlid etmək icazəlidir ki, bu  kimi şeylərdə; müqəllid təqlid etdi,-deyilsin? Biz deyəcəyik: Bəli, icazəlidir!


Bu məsələnin incələnməsi belədir: Şəriətdə gələn məsələlər, ya fiqhiyyat elmi kimi zənni məsələlər yaxud tövhid və nübuvvət kimi qəti elmi məsələlər yaxud da, bu ikisi arasında ortada yerləşən məsələlərdir. Misal olaraq hədis əhli ilə, mötəzililər, cəhmilər və onlara bənzər tayfaların arasında baş vermiş bu kimi məsələlərdir. Bu məsələlərin dəlili birinci qisimdən (yəni zənni məsələlərdən) daha yüksək, ikinci qisimdən (qəti məsələlərdən) daha aşağıdır. Bu cür məsələlərdə şübhələrin müxtəlif olması və gətirilən dəlillərin çarpışması səbəbilə avam kimsənin həmin məsələlərdə təqlid etməsi icazəlidir və bu məsələlərdə təkfir icazəli deyil. Ən doğru olanı isə Allah Azzə və Cəllə bilir.” (əl-işərətul iləhiyyə fil məbəhisil usuliyyə:546-cı səh)