1-Kişi öz zövcəsinə üç talaqdan az olan sayda (bir yaxud iki) talaq verərsə, gözləmə müddətində öz zövcəsini qaytara bilər. Qadının buna razı olması yaxud qadının və ya onun vəlisinin bunu (qaytardığını) bilməsi şərt deyil. Ancaq zövcəsini qaytaracağı zaman şahidlər tutması sünnədir.
2-Kişi (qaytardım!) kimi sözləri deməklə yaxud zövcəsi ilə cinsi əlaqəyə girməklə ər-rac`a (qaytarma) baş verir.
3-Bir yaxud iki talaq verilmiş qadın (bu cür qadına ər-rac`iyyə deyilir), gözləmə müddətində kişinin zövcəsi hesab edilir. Bu səbəbdən kişi onu zəruri xərcləri ilə təmin etməlidir. Onu ev, paltar, təam və digər zəruri xərclərlə təmin edir. Bu ərəfədə qadın kişi üçün bəzənə bilər, habelə kişi onunla birgə səfərə çıxa bilər və onunla xəlvətə çəkilə bilər.
4-Rac`i talaq edilmiş (bir yaxud iki talaq almış) qadın üçüncü heyzdən təmizlənəcəyi ancaq heyzdən ötrü qüsul almayacağı zaman, kişi onu geri qaytara bilər. Hətta qadın heyzdən sonra bir neçə gün qüsulsuz qalarsa belə, kişi onu qaytara bilər. Bu isə, bizim məzhəbin müfradətlarından sayılır. Ancaq miras, talaq, lian, nəfəqə kimi əhkamlar qanın kəsilməsi ilə qüvvəsini itirir. (Yəni qadın kişiyə varis olmur, habelə kişinin qadına zəruri xərcləri verməsi vacib olmur və digər qeyd edilən əhkamlar)
5-(Bir yaxud iki talaq almış) qadının gözləmə müddəti bitənə qədər kişi zövcəsini qaytarmasa, qadın ərindən boşanacaq (bain olacaq). Kişi onunla evlənmək istəsə, vəlinin və şahidlərin iştirakı ilə yeni nigah sazişi bağlamalıdır.
6-Kişi öz zövcəsinə üç talaq verəcəyi zaman, qadın ona haram olacaq və qadın digər kişiyə səhih bir nigahla ərə gedib onunla cinsi yaxınlıq etməyincə, qadın birinci ərinə heç vaxt qayıda bilməz. Bu halda (ikinciyə ərə gedəcəyi təqdirdə) birinci ərinə qayıtmaq istəyən qadın üçün ikinci evliliyində yalnız nigah bağlamaq yaxud xəlvətə çəkilmək yaxud cinsi əlaqə olmadan mazağlaşmaq yetərli deyil. Habelə ikinci ərin həddi-büluğa çatması şərt deyil. Onun məni ifraz etməsə belə, cinsiyyət üzvünün başçığını qadının cinsiyyət orqanına daxil etməsi yetərlidir. Ancaq arxadan yaxınlıq yaxud fasid nigahda cinsi əlaqə yaxud qadının heyzli və nifaslı vaxtında cinsi yaxınlıq, üç talaq verilmiş qadını birinci ərinə halal etmir.
7-İnsan sahib olduğu üç talaqdan az sayda (bir yaxud iki) talaq verərsə, onun hesabında yalnız yerdə qalan talaq sayı qalacaq. Əgər zövcəsinə bir talaq verərsə, iki talaqı qalacaq. Əgər iki talaq verərsə, bir talaqı qalacaq. Qadının bir yaxud iki talaqdan sonra ərindən boşanması (bain) olması yaxud ərə getməsi, hökmü dəyişmir. Ancaq üç talaq almış qadının hökmü fərqlidir. Əgər üç talaq almış qadın, digər kişiyə ərə gedəndən sonra birinci ərinə qayıdarsa, bu zaman qadın üç talaq üzərə qayıdacaq. Yəni, yenidən qadını alan birinci əri üç talaqa sahib olur.