Hənbəli imamları qatında Uca Allahın kəlam sifəti:


İbn əl-Mibrad -rahiməhullah- Qadı Əbu Yalə əs-Sağirdən belə nəql edir:


لا يختلف أصحابنا أن الكلام صفة ذاتية للباري سبحانه وتعالى


“Bizim əshabımız kəlam (sifətinin) Uca Allahın zatı sifəti olmasında ixtilaf etmirlər.” (Tuhfətul vusul:105-ci səh)


İmam Nəcmuddin Tufi -rahiməhullah- dedi: 


 فمن رآه صفة فعل، قال هو مخلوق؛ كالمعتزلة، ومن رآه صفة ذات قال هو قديم كالحنابلة 


“Onu (yəni Uca Allahın kəlamını) mötəzililər kimi feli sifətlərdən görənlər onun məxluq olduğunu demişlər. Onun zatı sifət olduğunu hesab edənlər isə, hənbəlilər kimi onun qədim (yəni əzəli) olduğunu demişlər.” (əl-İşəratul iləhiyyə:1/277)


İzah: Həhbəli imamları qatında Uca Allahın kəlam sifəti zatı sifətdir. Hənbəli imamları qatında kəlam sifəti feli yaxud həm feli həm də, zatı sifətlərdən deyil. Bunu bəzi alimlər demişlər. Hənbəlilərin cumhuruna görə kəlam, zatı sifətdir. Habelə Uca Allahın kəlamının zatı sifət olmasını demək, onun əzəli və qədim olduğunu ifadə edir. Məhz buna görə də, hənbəli imamları öz kitablarında kəlamın qədim (yəni əzəli olduğunu) vurğulamışlar.


İmam Qadı Əbu Yalə -rahiməhullah- dedi:


والله تعالى متكلم بكلام قديم غير مخلوق ليس بجسم و لا جوهر و لا عرض، وهو موصوف به فيما لم يزل وكلامه لا يشبه كلام الآ دميين


“Uca Allah qədim kəlam ilə danışır. Onun kəlamı məxluq deyil, cism deyil, cövhər deyil və ərəz deyil. O əzəldən həmin sifətlə vəsf olunur. Onun kəlamı isə bəşər övladının kəlamına bənzəmir.” (əl-Mutəməd:86)


Habelə hənbəli imamları Uca Allahın kəlamının hərf və səsdən ibarət olduğunu demişlər. Onun hərfləri və səsləri də, əzəlidir. 


İmam Səffərini əl-Hənbəli -rahiməhullah- dedi:


الحاصل: أن مذهب الحنابلة كسائر السلف: أن الله تعالى يتكلم بحرف و صوت



“Bir sözlə digər sələf imamları kimi hənbəli məzhəbinə görə, Uca Allah hərf və səslə danışır.” (Ləvamiul ənvaril bəhiyyə:1/138)


İmam İbn Bənnə əl-Hənbəli -rahiməhullah- dedi:


والذي يجب أن يعتقد: أن القرآن كلام الله عز و جل، و أنه حرف مفهوم و صوت مسموع، لا من جنس حروفنا و أصواتنا كسائر صفاته الذاتية


“Quranın Uca Allahın kəlamı olmasını, onun anlaşılan hərf və eşidilən səs olmasını və digər zatı sifətlərində olduğu kimi bizə məxsus hərflər və səslər cinsindən olmamasını etiqad etmək vacibdir.” (Şərhul qasıdatil haiyyə:37-ci səh)


İmam Əbul Fərəc Abdul-Vahid əş-Şirazi əl-Hənbəli -rahiməhullah- dedi: 


القرآن كلام الله تعالى، منزل غير مخلوق، منه بدأ و إليه يعود، تكلم الله تعالى به في القدم، بحرف يكتب، و صوت يسمع، و معنى يعلم


Quran Uca Allahın nazil edilmiş kəlamıdır və məxluq deyildir. Ondan başlamış və Ona tərəf dönəcək. Uca Allah Onu qədimlikdə (əzəliyatda) yazılan hərf, eşidilən səs və bilinən məna ilə danışmışdır.” (ət-Təbsıra fi usulid din:49-cu səh)


İmam İbn Qudamə əl-Məqdisi -rahiməhullah- dedi:


و من صفات الله تعالى: أنه متكلم بكلام قديم، يسمعه من شاء من خلقه، سمعه موسى عليه السلام منه من غير واسطة، و سمعه جبريل عليه السلام، و من أذن له من ملائكته و رسله


Uca Allahın sifətlərindən biri, Onun qədim kəlam ilə danışmasıdır.  Məxluqatından istədiyinə onu eşitdirir. Musa -aleyhis sələm- vasitəsiz olaraq Ondan onu eşitmişdir. Habelə Cəbrayıl -aleyhis sələm- və izn verilmiş mələklər və elçilər (kəlamı) eşitmişlər.” (Lumatul itiqad:15-ci səh) 


İmam Səffərini -rahiməhullah- dedi:


تحرير مذهب السلف: أن الله تعالى متكلم كما مر، و أن كلامه قديم، و أن القرآن كلام الله، و أنه قديم حروفه و معانيه


“Sələfin məzhəbi araşdırılandan sonra bəlli olur ki, qeyd edildiyi kimi Uca Allah danışır və Onun kəlamı qədimdir. Habelə Qurani Kərim Allahın kəlamıdır və o (yəni Quran) və onun hərfləri və mənaları qədimdir (əzəlidir).” (Ləvamiul ənvaril bəhiyyə:1/137)


İzah: Hənbəli imamlarının sözlərindən aydın olur ki, onlar Uca Allahın kəlamının, o cümlədən Qurani Kərimin əzəli olduğunu etiqad etmişlər və sələf imamlarının məhz bu etiqadda olduğunu demişlər. Həmçinin kəlam sifətinin hərf və səsdən ibarət olduğunu demişlər. Hənbəli imamlarının qeyd etdikləri bütün bu sözlər bir-başa imam Əhməddən nəql edilir. Heç şübhə yoxdur ki, hənbəli imamları imam Əhmədin sözlərini anlamaqda digər insanlardan daha öndədirlər və onun məzhəbini və kəlamlarını bütün digər tayfalardan daha yaxşı bilirlər.  


Məsələ: Uca Allahın kəlamı Onun zatı sifətidirsə, belə olan halda biz Quranın yer üzünə nazil olduğunu və insanların köksündə və kitablarda olduğunu deyəcəyimiz zaman Allahın kəlamının məxluqatın zatında hülul etmiş (yerləşmiş) olduğunu demiş oluruqmu?


Məzhəbin şeyxi Qadı Əbu Yalə -rahiməhullah- dedi:


ليس معنى نزول القرآن انتقاله و حلوله في الكتب و الصدور، و إنما نزوله بمعنى ظهوره


“Quranın nazil olmasının mənası, onun kitablara və kökslərə intiqal etməsi (keçməsi) demək deyil. Onun nazil olması, zühur etməsi mənasındadır.” (Muxtasarul mutəməd:90-cı səh)


Abdus İbn Malik əl-Attarın rəvayətində imam Əhməd -radıyəllahu anhu- dedi:


كلام الله ليس ببائن منه


“Allahın kəlamı Ondan bain deyil.” (Tabaqatul hənəbilə:2/167)


İbn əl-Mibrad -rahiməhullah- Qadı Əbu Yalədən imam Əhməddən gələn həmin rəvayətlə əlaqədar bu sözlərini nəql edir:


و هذا صريح في منع القول بالحلول، لأن الحلول يوجب البينونة


“Bu, Quranın hülul etməsini qadağan edən açıq sözlərdir. Çünki hülul bainliyi (Onun zatından ayrılmasını) gərəkdirir.” (Tuhfətul vusul:108-ci səh)


İmam Əbul Həsən İbn Zəğuni -rahiməhullah- Quranın kökslərdə və kitablarda zühur etməsinə misal gətirərək dedi:


و أقرب الأشياء به مثالا: نور الشمس فإنه يمتد و يتعدى من الشمس إلى الاتصال بالذوات حتى تحصل الاستنارة و الحرارة لما يلاقيه الشعاع و النور، و إن كان ذلك ليس بمنفصل من الشمس


“Misal olaraq ən yaxın müqayisə, günəş işığının uzanmasıdır. Həmin işıq günəşdən əsas götürür və müxtəlif zatlara birləşir və nəticədə işıqlıq və istilik ortaya gəlir. Çünki həmin zatlar və əşyalar günəşin şüası və işığını alırlar. Halbuki həmin (şüa və işıq) günəşdən ayrılmır.” (əl-İdah fi usulid din:430-cu səh)



Alləmə İbn Həmdən -rahiməhullah- Qadı Əbu Yalənin belə dediyini nəql edir:


و نزول القرآن إلينا ظهوره لنا، كنزول النور


“Quranın bizə nazil olması, nurun nazil olduğu kimi bizə zühur etməsidir.” (Nihəyətul mubtədiin:29-cu səh)


Əlavə fayda: Hənbəli imamları kəlam sifətini mütəşabih olan xəbəri sifətlər deyil əqli sifətlər sırasında qeyd etmişlər. Bu səbəbdən hənbəli imamlarının kəlam sifətinə izah gətirmələri, onların etiqadı məzhəbini bilməyənləri çaşbaş buraxmışdır.  


Digər fayda: Təqiyuddin əl-Futuhi -rahiməhullah- (şərh muxtəsarit təhrir:2/114) kitabında, habelə digər hənbəli imamları Uca Allahın kəlamının hərf və səsdən ibarət olduğunu dedikləri zaman, hərflərin və səslərin bir-birini sıralamadığını qeyd etmişlər. Yəni insanın bir sözü deməsi üçün öncə birinci hərfi, daha sonra digərini tələffüz etməsi lazımdır. Allahın kəlamı isə qədimdir, əzəlidir və bu xüsusiyyətlərdən münəzzəhdir. Uca Allah (OL!) deyəndə, Onun öncə (O) hərfini daha sonra (L) hərfini deməsi muhaldır. Çünki belə olan halda ikinci hərf qədimlik və əzəliyyatla vəsf oluna bilməz. Bu səbəbdən hənbəli imamları Uca Allahın kəlamı barədə (يتكلم بحرف و صوت قديمين غير متعاقبين), Allah bir-birini sıralamayan qədim hərf və səs ilə danışır, demişlər.


Hənbəli imamları qatında Uca Allahın kəlam sifəti barədə digər yazılarda danışmağa davam edəcəyik. Müvəffəq edən Uca Allahdır!