Sünnət (السنة)
İbn Ləhham əl-Hənbəli -rahiməhullah- dedi:
و السنة لغة: الطريقة
و شرعاً واصطلاحاً: ما نقل عن رسول الله -صلَّى الله عليه و سلم- قولاً او فعلاً او تقريراً.
"Sünnət ləfzi lüğəti olaraq yol mənasını ifadə edir.
Şər'i və istilahi olaraq Allah Rasulu-salləllahu aleyhi və səlləm-dən nəql edilən söz, fel və təsdiqi ifadə edir.
(Müxtəsər fi üsulil fiqh libnil Ləhhəm səh:73-74)
Məsələnin izahı:
Sünnət ləfzinin lüğəti yöndən yol mənasını ifadə edəcəyini deyəcəyimiz zaman buraya yaxşı və pis əməlləri əhatə edən yolları daxil etməyimiz lazımdır.
Uca Allah Qurani-Kərimdə buyurur:
سُنَّةَ مَن قَدۡ أَرۡسَلۡنَا قَبۡلَكَ مِن رُّسُلِنَاۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحۡوِيلًا
"Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da, belə davranmışlar. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən." (İsra surəsi:77)
Allah Rasulu -salləllahu aleyhi və səlləm- Muslimdə gələn hədisdə buyurur:
من سنّ سنّة حسنة كان له أجرها و أجر من عمل بها بعده، لا ينقص ذلك من أجورهم شيئاً، و من سنّ سنة سيئة كان عليه وزرها و وزر من عمل بها، لا ينقص ذلك من أوزارهم شيئاً.
"Kim bir yaxşı işi ortalığa gətirərsə ona bu işin və bundan sonra ona əməl edənlərin əcri yazılar və bu, əməl edənlərin əcirlərindən heç bir şeyi əksiltməz. Kim bir pis işi ortalığa gətirərsə ona bu işin və bu işə əməl edənlərin günahı yazılar və bu, əməl edənlərin günahından heç bir şeyi əksiltməz.
Şər'i və istilahi yöndən isə sünnət sözünün ümumi və xüsusi tərifi vardır.
1.Ümumi tərif yönündən sünnət sözü Peyğəmbər -salləllahu aleyhi və səlləm- dən, saleh sələflərdən olan səhabə, ta'biin və onlara gözəl şəkildə tabə olan imamlardan nəql edilən hər bir şeyi ifadə edir. Peyğəmbər -salləllahu aleyhi və səlləm- Əbu Davud və Tirmizinin rəvayət etdiyi hədisdə buyurur:
عليكم بسنتي و سنة الخلفاء الراشدين المهديين من بعدي، عضوا عليها بالنواجذ
"Mənim və məndən sonra gələcək raşidi xəlifələrin sünnətinə sarılın və ondan azı dişlərinizlə tutunun!"
2.Xüsusi tərif yönündən isə mühəddislərin sünnət sözünə verdiyi tərif müəllifin qeyd etdiyi tərifə uyğun gəlir. Bu yöndən sünnət sözü bir neçə qismi əhatə edir:
Birinci: Söz olaraq nəql edilən sünnət. Misal: Peyğəmbər -salləllahu aleyhi və səlləm- buyurur:《Əməllər niyyətlərə görədir.
İkinci: Fel olaraq nəql edilən sünnət. Misal: Allah Rasulunun -salləllahu aleyhi və səlləm-in qıldığı namazın tərzi.
Üçüncü: Təsdiq olaraq nəql edilən sünnət. Misal: Səhabələr kərtənkələ əti yedikləri zaman Peyğəmbər -salləllahu aleyhi və səlləm- onları müşahidə etmiş və buna irad bildirməmişdir.
Xüsusi tərif yönündən fəqihlərin sünnət sözünə verdikləri tərif məndubluğu (المندوب) ifadə edir. Bu isə, şəriət sahibinin qəti olmayan tələbidir. İnsan onu edəcəyi zaman savab qazanır, ancaq tərk edəcəyi zaman isə cəzalanmır.