Alləmə İbn Ləhhəm əl-Hənbəli -rahiməhullah- dedi:
المجاز: االفظ المستعمل في غير وضع أُوِّل على وجه يصح، و لا بد من العلاقة، و قد تكون بالشكل كالانسان للصورة، أو في صفة ظاهرة كالأسد على الشجاع، لا على الابخر لخفائها، أو لأنه كان عليها كالعبد على العتيق، و آئل كالخمر للعصير، أو للمجاورة مثل جرى الميزاب.
"Məcaz: Səhih yöndən təvil edilib ilk qoyuluşu etibarı ilə istifadə edilməyən ləfzdir. Həqiqət ilə məcaz arasında əlaqənin olması labüddür. Bəzən həmin əlaqə, surətə insan deyildiyi kimi görünüş yönündən olur, bəzən isə şücaətkar insana şir deyildiyi kimi aşkar xüsusiyyət yönündən olur, gizli olan pis qoxu yönündən olmur. Bəzən isə azad edilmiş şəxsə kölə deyildiyi kimi keçmişdə üzərində olduğu hal yönündən olur, yaxud şirəyə şərab deyildiyi kimi bir şeyin gələcəkdə gəlib çatacağı nəticəsi yönündən olur, yaxud su kanalı axır deyildiyi kimi yanaşı olması yönündən olur."
(Müxtəsər fi usulil fiqh, libnil Ləhhəm:42-43 səh)
Məsələnin təfsilatlı izahı:
Məcaz ilk qoyuluşu etibarı ilə istifadə edilməyib səhih yönə təvil edilən ləfzdir.
Misal: Şir ləfzi şücaətli kişi mənasında istifadə edilərsə həqiqət deyil məcaz olacaq. Bu səbəbdən həqiqət və məcaz arasında əlaqənin olması labüddür.Çünki şir kəlməsi ilk qoyuluşu etibarı ilə (öz həqiqi mənasında) yırtıcı heyvandır. Şücaət məfhumu bu iki məna arasında olan əlaqədir.
Həqiqət və məcaz arasında olan əlaqənin bir neçə növü var:
1) İnsanın özü ilə təsviri (şəkili) arasında olan əlaqə kimi görünüşü yönündən olmasıdır.
Misal: Sən Zeydi gördüyünü deyirsən. Ancaq Zeydi görməmisən.Sən yalnız onun şəklini görmüsən.Bu məcazı yöndən deyilən sözdür. Aralarında olan əlaqə isə görünüşdür. Şəkildə olan surət, Zeydin həqiqi surəti olmasa da, ona bənzəyir.
2) Yaxud şir ilə şücaətkar insan arasında olan əlaqəl kimi, gizli olan pis ağız qoxusu yönündən deyil, aşkar xüsusiyyət yönündən olmasıdır.
Misal: Şücaətli kişi ilə yırtıcı heyvan olan şir, şücaətlilik məfhumunda müştərəkdirlər. Biz bir insana şir kimi adamdır desək bu məcazi yöndən istifadə edilən söz olacaq. Ancaq bu növdə məcaz ilə həqiqət arasında əlaqə, askar olan xüsusiyyətlərdən hesab olunur. Əgər gizli xüsusiyyət olarsa məcaz səhih olmayacaq.
Misal: Bir insanın ağzından pis qoxu gələrsə ona şir kimi adamdır deyilməyəcək. Halbuki şirin ağzından həmçinin pis qoxu gəlir. Çünki bu xüsusiyyət aşkar deyil gizlidir.
3) Yaxud kölə ilə azad edilmiş insan arasında olan əlaqə kimi keçmişdə üzərində olduğu hal yönündən olmasıdır. Buradakı məcaz həqiqi sifətə nisbət olaraq keçmiş zamanda baş vermişdir.
Misal: Bir insan kölə olur. Daha sonra ağası onu azad edir. Bir müddət sonra o insanı gördükdə ona kölə desək həmin sözü məcazi yöndən istifadə edəcəyik.
Digər misal: Biz həddi-buluğa çatmış insana yetim desək, məcazi yöndən bunu deyəcəyik. Çünki Peyğəmbərdən -sallahu aleyhi və səlləm- gələn hədisə görə yetimlik həddi-buluğa qədər olur.《لا يُتْمَ بعد احتلام》《Ehtilamdan sonra yetimlik yoxdur. İnsanın ehtilam (yuxuda məni ifraz etməsi) olması həddi-buluğun göstəricisidir.
4) Yaxud şərab ilə şirə (məs; üzüm şirəsi) arasında olan əlaqə kimi bir şeyin gələcəkdə gəlib çatacağı nəticəsi yönündən olmasıdır. Yəni bir şeyi gələcəkdə çatacağı halı yönündən vəsf etmək.
Misal: Bizim şirəni şərab adlandırmağımız məcazi yöndəndir. Çünki əslində şirə şərab deyil və ona şərab sözünün deyilməsi yalnız gələcəkdə baş verəcək nəticə yönündəndir.
Başqa bir misal kimi Allah Təa'lənin bu ayələrini göstərmək olar:《Onu həlim bir oğlan uşağı ilə müjdələdik》 (əs-Saffət 101).《Səni bilikli bir oğlan uşaqı ilə müjdələyirik》(əl-Hicr 53).
5) Yaxud su kanalı axır sözləri kimi yanaşı olması yönündən olmasıdır.
Misal: Burada su kanalının axmasından danışılır. Həqiqətdə isə kanal axır deyildikdə məgər axan kanaldırmı? Əksinə axan kanal deyil. Axan kanalın içindəki sel və ya sudur.
Başqa misal: İnsandan ifraz olan nəcis, ərəb dilində; ğa'it (غائط) adlanır. Əslində isə ərəb lüğətində ğa'it kəlməsi ilk qoyuluşu etibarı ilə alçaq məkan mənasını ifadə edir. Çünki insan ayaq yoluna çıxdığı zaman, alçaq bir məkanda qərar tutur və hacətini orada yerinə yetirir. Məhz bu yöndən həmin yerə ğa'it deyilmişdir.