İbn Ləhham əl-Hənbəli -rahiməhullah-dedi:

الاجماع لغة العزم و الاتفاق. واصطلاحاً اتفاق مجتهدي عصر من هذه الامة بعد وفاة نبينا محمد- صلى الله عليه و سلم- على أمر ديني. و هو حجة قاطعة عند 
الاكثر خلافا للنَظَّام.

İcma lüğəti olaraq əzmkarlıq və yekdillik mənasını bildirir. 

İstilahi (şər'i) olaraq isə Peyğəmbərimiz Muhamməd-salləllahu aleyhi və səlləm-in vəfatından sonra bu ümmətdən bir əsrdə yaşayan müctəhidlərin dini məsələdə ittifaq etmələridir. 

Nəzza'mdan fərqli olaraq əksər alimlər qatında icma qəti dəlillərdən sayılır.

(Müxtəsər fi üsulil fiqh libnil Ləhhəm səh:74)

Məsələnin izahı.

İcma şər'i əhkamların əsas mənbələrindən biridir. Əgər bir əsrdə yaşayan müctəhidlər şər'i bir məsələdə ittifaq edərlərsə, onların bu ittifaqı icma sayılacaq. Ancaq əgər onlar hansısa bir şər'i məsələdə iki görüş ətrafında ixtilaf edərlərsə, sonrakı əsrdə gələnlərin  buna müxalif olması icazəli olmayacaq.Müəllif müctəhid dediyi zaman avamların bura daxil olmadığını qəsd edir. Çünki əksər alimlərin qatında avamların sözü etibara alınmır. Müctəhidliyin ortalığa gəlməsi üçün dörd şərtin olması gərəkdir:

1. Üsuli fiqh elmini bilməlidir.
2.Şəri dəlillərdə ixtilaf və ittifaq yerlərini bilməlidir.
3.Müəyyən bir məsələdə varid olan şəri dəlilləri bilməlidir.
4.Dəlilləri fəhm etməyi mümkün edəcək səviyyədə ərəb dilini bilməlidir. 

Bir əsr deyildiyi zaman aydın olur ki, icmanın ortalığa gəlməsi üçün bütün əsrlərdə olan müctəhidlərin ittifaq etməsi gərəkli deyil.

Həmçinin, bu ümmət deyildiyi zaman keçmiş ümmətlərdə olan elm əhlinin bağladığı ittifaq bura daxil deyildir.

Peyğəmbər -salləllahu aleyhi və səlləm-in vəfatından sonra deyildiyi zaman isə, müəllif burada Allah Rasulunun -salləllahu aleyhi və səlləm-in sağlığında nasslarla əməl etməyin kifayət etməsi yönündən icma ilə əməl etməyin gərəksiz olmasını qəsd edir.

Dini məsələdə deyildiyi zaman bəlli olur ki, dünyəvi işlər bura daxil deyil.

Misal: Hansısa bir ölkənin müctəhidləri digər ölkəyə qarşı savaşmağın gərəkli olmasında ittifaq edərlərsə, bu icma sayılmayacaq.

Həmçinin icmanın şəri dəlil kimi etibara alınmasında üç görüş var:

1.İcma qəti dəlillərdəndir.Ona qarşı çıxmaq haramdır.Bu cumhur alimlərinin məzhəbidir.

2.İcma zənni dəlillərdəndir. Bu görüş Fəxrəddin Razi, Ə'midi və bəzi alimlərin görüşüdür.

3.İcmanı bağlayan alimlər mötəbər olacaqları zaman icma qəti dəlil olacaq. Əgər mötəbər alimlər olmazlarsa sükuti icma sayılacaq. 

Hənbəli məzhəbinin icmaya Quran və sünnədən gətirdikləri dəlilləri: 

《وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُ ٱلۡهُدَىٰ وَيَتَّبِعۡ غَيۡرَ سَبِيلِ ٱلۡمُؤۡمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصۡلِهِۦ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرًا》(سورة النساء:١١٥) 

"Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir."(Nisa surəsi:115) 

Həmçinin Peyğəmbər-salləllahu aleyhi  və səlləm-buyurur:

(لَا تَزَالُ طَائِفَةٌ مِنْ أُمَّتِي عَلَى الْحَقِّ لَا (يَضُرُّهُمْ مَنْ خَذَلَهُمْ حَتَّى يَأْتِيَ أمْرُ الله 
"Ümmətimdən bir tayfa Allahın əmri (qiyamət) gələnədək haqq üzərində olacaq və insanların onları köməksiz buraxmaları onlara zərər verməyəcək."

Həmçinin Peyğəmbər -salləllahu aleyhi  və səlləm- buyurur:

(لَا تَجْتَمِعُ أُمَّتِي عَلَى ضَلَالَةٍ)،(لَا تجتمع على خطأِ) 

"Ümmətim zəlalət üzərinə cəm olmaz və ya ümmətim xəta üzərinə cəm olmaz."