Ümumiyyətlə bilmək lazımdır ki, cumhur alimlərinə görə ərəb dilində məcaz mövcuddur. Bu ləfzlər ərəb dilinin üslubuna uyğun olaraq məcazi yöndən istifadə edilir.
Həmçinin hənbəli imamları Qurani-Kərimdə məcazın olduğunu qeyd etmişlər. Hənbəli imamlarından olan ibn Ləhhəm əl-Hənbəli -rahiməhullah- buyurur:
و هو في القرآن عند اكثر اصحابنا و غيرهم.قال امامنا في قوله تعالى:《انّا نحن》(الحجر:٩) هذا من مجاز اللغة. و اوّله ابو العباس على الجائز في اللغة.و منع منه بعض الظاهرية وابن حامد و حكاه الفخر اسماعيل رواية
Əksər əshabımıza və digərlərinə görə Quranda məcaz mövcuddur. İmamımız (Əhməd ibn Hənbəl) Allah Təa'lənin bu kəlməsi haqqında dedi:《Biz》(əl-Hicr:9) Bu lüğətin məcazlarındandır. Əbul-Abbas (ibn Teymiyyə) bu sözü lüğətdə icazəli olan üsluba təvil etmişdir. Həmçinin bəzi zahirilər və ibn Həmid Quranda məcazın olduğunu inkar etmişlər. Əl-Fəxru İsmail isə İmam Əhməddən bunu bir rəvayət olaraq hekayət etmişdir.
(Müxtəsər fi usulil fiqh libnil Ləhhəm:səh 45)
Məsələnin izahı:
İmam İbn Ləhhəm Quranda məcazın olmasını əksər hənbəlilərin etiqadı olaraq zikr edir. Onlar İmam Əhmədin sözünə açıqlama gətirərək demişlər ki, (نحن: biz) sözü Quranda istifadə edildiyi zaman, bununla tək olan Uca Allah qəsd edilmişdir. Şeyxul-İslam ibn Teymiyyə və ona tabe olan bəzi elm əhli bu cür ləfzləri təvil edərək həm lüğətdə və Quranda məcazın olmasını inkar etmişlər. Onlar bunu ərəb dilində icazəli olan üslubdan hesab etmişlər. Həmçinin bəzi zahirilər və ibni Hə'mid Quranda məcazın mövcudluğunu inkar etmişlər.
Qurani-Kərimdən məcaza dəlalət edən bir neçə ayə:
1.《Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın əvəzinə isə əzabı satın alan kimsələrdir》(əl-Bəqərə:175). Ayədəki satın alma ləfzi məcazi yöndən istifadə edilmişdir. Çünki insan bir şeyi aldıqda bunu öz seçimi ilə edir. Kafirlərin haqqı tərk edib, azğınlığa yönəlmələri öz seçimləri ilə olmuşdur.
2.《Olduğumuz kənddən soruş》(Yusuf surəsi:82). Bu ayədə kənd ləfzindən qəsd edilən kənd əhlidir. Çünki kəndin inşa edilmiş evləri və digər tikililəri cansız əşyalardir.
3.《Onlar orada dağılmaq istəyən bir divar gördülər》(əl-Kəhf:77). Bu ayədə divarın aşmaq istəyi məcazi yöndən istifadə edilmişdir. Çünki cansız əşyaların iradəsi olmur. Allah Təa'lə cansız əşyaları canlılara bənzətmişdir. Canlılarda bir fel baş verməmişdən qabaq həmin feli etmək üçün istək mövcud olur. Ayədəki divar aşmaq felinə yaxın olduğuna görə Allah onu iradə ilə vəsf etmişdir.