Hənbəli məzhəbinə görə yeyilməsi mübah olan heyvanın şər`i kəsimi üç üsulla hasil olur:
Birinci: Əz-zəbh: Bu kəsim heyvanın boğazını kəsməklə hasil olur. Hənbəlilərə görə qırtlaq qapağının üst hissəsini yaxud alt hissəsini kəsmək keçərlidir. Yəni hər iki halda şər`i kəsim hasil olur və kəsilən halal olur. Bu növ əsasən boynu qısa olan heyvanların, məs; dana və qoyun-quzunun kəsimində istifadə edilir.
İkinci: Ən-Nəhr: Kəsimin bu üsulu heyvanın sinəsinin yuxarı, boynunun isə aşağı hissəsini çərtməklə hasil olur. Bu növ əsasən boynu uzun olan heyvanların, məs; dəvənin kəsimində istifadə olunur.
Üçüncü: Əl-Aqr: Heyvan ruhunun çıxması ilə nəticələnən tərzdə onun bədəninin istənilən yerini yaralamaqdır. Bu üsul əsasən heyvanı yaxalamaq mümkün olmadığı üçün ov və buna bənzər hallarda istifadə edilir. Yəni heyvanı ox yaxud nizə yaxud bıçaq yaxud tüfəng yaxud digər vasitəylə yaralayıb öldürməkdir.
Hənbəli imamları qatında kəsimin dörd şərti vardır:
Birinci şərt: Heyvanı kəsən yaxud nəhr edən yaxud aqr edən şəxs əlini çəkəcəyi zaman bismilləh deməlidir. İnsanın bu sözləri qeyri-ərəb dilində deməsi də, keçərlidir. Habelə bismilləh sözləri ilə yanaşı Allahu əkbər sözlərini deməsi sünnədir. Yəni belə deyir (Bismilləh vallahu əkbər). Əgər heyvanı kəsən lal olarsa, başı ilə səmaya işarə edərək kəsəcək.
Əgər bismilləh sözü qəsdən yaxud cahillikdən tərk edlərsə, kəsilən heyvan halal olmayacaq. Uca Allah buyurur: “Üstünə Allahın adı çəkilməmiş -bismilləh- deyilib kəsilməmiş heyvanları yeməyin.” (əl-Ən`am:121) Ancaq əgər bismilləh sözü səhvən tərk edilərsə, kəsilən heyvan halal olacaq. Şəddəd İbn Sad rəvayət edir ki, Allahın Elçisi -salləllahu aleyhi və səlləm- demişdir: “Bir müsəlman qəsdsiz olaraq Allahın adını çəkməsə, kəsdiyi halaldır.” Ancaq ov edən şəxs istər qəsdən, istərsə də, səhvən bismilləh sözünü tərk etsə, ov heyvanı halal olmayacaq. Habelə insanın məhz qəsd etdiyi şeyin üzərinə bismilləh çəkməsi şərtdir. Əgər bir adam quzunun üzərinə bismilləh çəkib daha sonra məsələn keçini həmin bismilləh sözü ilə boğazlasa, ikinci halal olmayacaq. Təsmiyə (bismilləh sözü) ilə kəsim arasında qısa fasilənin zərəri yoxdur. Əgər bir adam heyvanı kəsdiyi zaman bismilləh sözünü çəkib sonra danışsa, bunun ardından heyvanı kəssə, kəsilən halal olacaq. Habelə əgər bir adam kəsilən heyvanı yerə uzatsa və onun üzərinə bismilləh çəksə, daha sonra bıçağı dəyişib digərini götürsə və onunla kəssə, kəsilən halal olacaq. Habelə bismilləh deyəndən sonra salamı qaytarsa yaxud kiməsə su içirsə, kəsilən halal olacaq. Kitab əhlindən olan şəxs də, bu məsələdə müsəlman ilə eyni hökümdədir. Əgər kitab əhlindən olan biri Məsihin adı ilə kəssə, kəsilən halal olmayacaq. Ancaq heyvanı kəsən şəxsin Allahın adını çəkib çəkmədiyi məlum olmasa, onu yeyən şəxs Allahın adını çəkəcək və yediyi ona halal olacaq.
İkinci şərt: Heyvanı kəsən yaxud nəhr edən yaxud aqr edən şəxsin əhliyyətə sahib olması lazımdır. Əhliyyət: İnsanın ağıl sahibi olması, habelə heyvanı kəsməyi qəsd etməsidir. Əgər insanın bıcağı təsadüfən yaxud qeyri-ixtiyari heyvanın boğazına dəysə və nəticəsə heyvanın boğazı kəsilsə, həmin kəsilən halal olmayacaq. Çünki bu halda qəsd mövcud deyil. Habelə kəsim edənin müsəlman yaxud hərbi olsa da belə, kitab əhlindən olması lazımdır. Kəsənin kişi yaxud qadın, habelə azad yaxud qul olması, həmçinin insanın cünublu yaxud heyzli və ya nifaslı olması, həmçinin kor yaxud fasiq olması fərq etmir. Onların kəsdiyi halaldır. Ruhi-xəstənin və sərxoş adamın, habelə təmyiz yaşına çatmayan uşağın kəsdiyi isə halal deyil. Çünki onların qəsdi olmur. Ancaq əgər uşaq təmyiz yaşına çatsa, onun kəsdiyi halal sayılacaq. Habelə mürtədin, məcusinin, bütpərəstin, zındığın və hər bir dinsizin kəsdiyi halal deyil. Uca Allah buyurur: “Kitab verilənlərin təamları da, sizə halal edildi”. Yəni digərinin təamı sizə halal deyil.
Üçüncü şərt: Alətdir. İnsanın heyvanı kəsici və iti alətlə kəsməsi yaxud çərtməsi lazımdır. Yəni həmin alət öz ağırlığı sayəsində heyvanı kəsməməlidir. Kəsmə alətinin bıcaq yaxud qılınc yaxud digər kəsici alət olması önəm daşımır. Habelə alətin daşdan yaxud taxtadan yaxud sümükdən olması da, keçərlidir. Ancaq kəsici alətin dırnaq və dişdən olmaması lazımdır. Bu ikisi ilə heyvanı kəsmək səhih deyil. Habelə diş və dırnağın canlıya bitişik yaxud qopmuş olması fərq etmir. İstənilən halda bu ikisi ilə heyvanı kəsmək səhih deyil. Əgər insan qəsb edilmiş alətlə yaxud qızıldan olan alətlə heyvanı kəssə, kəsilən halal olacaq.
Dördüncü şərt: Canlının tənəffüs borusu və qida borusu kəsilməlidir. Şər`i kəsim tənəffüs borusunun və qida borusunun kəsilməsi ilə hasil olur. Boğazın yan hissələrində olan iki damarı (vadəceyn) kəsmək şərt deyil. Onu kəsmək sadəcə müstəhəbdir.
Ancaq əgər məsələn dəvə və yaxud digər heyvan qaçsa və insan onu yaxalaya bilməsə yaxud yeyilməsi mübah olan heyvan quyuya düşsə və bu səbəbdən onu kəsmək mümkün olmasa, bu zaman həmin heyvan aqr ediləcək. Yəni canlının ölümü ilə nəticələnəcək tərzdə onun bədəni oxla yaxud nizə ilə yaxud tüfənglə və digər alətlərlə vurulacaq. Həmin heyvan qeyd edilən məqsədlə yetirilən zədədən öləcəyi şərtilə onu yemək halal olacaq. Ancaq əgər başqa səbəbdən ölərsə, onu yemək mübah olmayacaq. Misal üçün qaçan heyvanı oxla vurarsa, həmin heyvan isə suya düşüb boğularsa, onu yemək halal olmayacaq.