Nəcmuddin ət-Tufi -rahiməhullah- dedi:

إذا مات في أثناء الموسع قبل فعله و ضيق وقته لم يمت عاصيا، لأنه فعل مباحا و هو التأخير الجائز لا يقال: إنما جاز بشرط سلامة العاقبة، لأنا نقول: ذلك غيب، فليس إلينا، و إنما الشرط، العزم و التأخير إلى وقت يغلب على ظنه البقاء إليه، فلو أخره مع ظن الموت قبل الفعل، عصى اتفاقا، فلو لم يمت ثم فعله في وقته، فالجمهور على أنه أداء لوقوعه لوقته.


"İnsan feli etmədən və felin vaxtı daralmadan geniş edilmiş bir vaxtda ölərsə, günahkar olaraq ölməz. Çünki o mübah bir iş görmüşdür. Bu da, icazəli olan gecikdirmədir.  Bu halda (gecikdirmənin) yalnız aqibətin salamat olacağı şərti ilə icazəli olduğu deyilməz. Çünki biz deyirik: Bu bizə aid olmayan qeybdir. Şərt olan isə, yalnız feli etməyə qəti niyyət etməsi və üstün zənn ilə qalacağı vaxta qədər onu təxirə salmasıdır. Ancaq əgər feli etməzdən öncə öləcəyini güman etdiyi halda onu təxirə salarsa, yekdilliklə günah qazanacaq. Əgər ölməzsə və sonra onu öz vaxtında yerinə yetirərsə, cumhur alimlərinə görə, həmin fel öz vaxtında həyata keçdiyi üçün əda sayılacaq.


(Muxtəsarur rauda:1/322-cü səh)


Həmin məsələyə misallarla açıqlama:


Misal: İnsan zöhr namazını son vaxtında qılmağı niyyət edir və namazı son vaxtına qədər gecikdirir. Zöhr namazı, vaxtı geniş edilmiş ibadətdir. Buna görə də, onu son vaxtına qədər təxirə salmaq olar. Həmin adam namazın son vaxtına çatmir və ibadəti yerinə yetirmədən ölür (məsələn qəzaya düşür). İnsan bununla günah qazanmır. Çünki deyildiyi kimi, insanın zöhrü son vaxtına qədər təxira salması icazəlidir.


Ancaq insan namazı, onun rükətlərini tam yerinə yetirə bilməyəcək vaxta qədər gecikdirsə, asilik etmiş olacaq.  


Misal: Bir adam zöhr namazını son vaxtına təxirə salmağa niyyətlənir. Namazın vaxtı daralır. Artıq zöhrün çıxmasına bir neçə dəqiqə qalır və insan zöhr namazının bütün dörd rükətini zöhrün vaxtında qılmaq imkanı tapmır. Yəni zöhr namazının vaxtında yalnız üç yaxud iki rükəti yaxud bir rükəti qılmaq mümkün olur. İnsan həmin vaxta qədər zöhr namazını gecikdirdiyi üçün günah qazanır. 


Həmçinin alimlər namazı yalnız onun son vaxtına qədər yaşayacağı şərti ilə gecikdirməyin icazəli olduğunu demirlər. Çünki bu qeybdir və Allahın elmi ilə əlaqəli olan məsələdir.Onun namazı son vaxtında qılmağa qəti niyyət etməsi kifayətdir.


Ancaq bəzən insan üstün zənn ilə ehtimal edir ki, zöhr namazı girdikdən qısa müddət (4 rükətli namazın qılınacağı müddət) sonra öləcək. Bu halda namazı ilk vaxtda qılmağa tələsməzsə və ölərsə üsulçuların ittifaqına görə asi sayılacaq.


Misal: İnsan ölüm ayağında olur. Həmin ərəfədə zöhr namazının vaxtı girir. Bu halda, onun zöhrü ilk vaxtında qılması və onu gecikdirməməsi gərəkdir.

Ancaq əgər həmin insan ölməzsə və namazını qılarsa, cumhur alimlərinə görə etdiyi ibadət öz vaxtında yerinə yetirildiyinə görə əda sayılacaq.