İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:
إذا خلت مكلفة ولو كافرة لطهارة كاملة عن حدث بماء قليل و بقي منه شيئ فالباقي طهور لكنه لا يرفع حدث الرجل البالغ و لا الخنثي، هذا المذهب المعروف و عليه جماهير الأصحاب، و قطع به كثير منهم، لحديث الحكم بن عمرو الغفاري قال: (نهى النبي أن يتوضأ الرجل بفضل طهور المرأة) رواه الترمذي و قال: حديث حسن ... و المنع منه تعبدي
“Kafir olarsa belə, əgər mükəlləf olan qadın hədəsdən kamil təharət üçün az olan su ilə xəlvətə (təkliyə) çəkilərsə və sudan bir qədər qalarsa, yerdə qalan su təmizləyicidir, ancaq həmin su yetkinlik yaşına çatmış kişinin və xonsanın hədəsini qaldırmir. Bu, məzhəbin məşhur görüşüdür və əksər əshab həmin görüş üzərədirlər. Əshabın bir çoxu qəti olaraq bu görüşə üstünlük vermişlər. Çünki Həkəm ibn Amr əl-Ğifərinin rəvayətində belə gəlir: “Allahın Peyğəmbəri qadının təharət suyunun qalığı ilə dəstəmaz almağı qadağan etdi.”
(Əl-Minəhuş şəfiyət:138)
Həmçinin imam əl-Buhuti -rahiməhullah- kitabında dedi:
ولا يرفع حدث رجل وخنثى ( طهور يسير ) دون القلتين خلت به كخلوة نكاح امرأة مكلفة ولو كافرة .( لطهارة كاملة عن حدث) لنهي النبي صلى الله عليه وسلم أن يتوضأ الرجل بفضل طهور المرأة رواه أبو داود وغيره وحسنه الترمذي وصححه ابن حبان ، قال أحمد في رواية أبي طالب ، أكثر أصحاب رسول الله صلى الله عليه وسلم يقولون ذلك وهو تعبدي ، وعلم مما تقدم أنه يزيل النجس مطلقا
“Kafir olarsa belə, nigah xəlvəti kimi xəlvətə çəkilən mükəlləf qadının hədəsdən kamil təharət üçün istifadə etdiyi iki qullədən az olan suyun qalıqları, kişinin və xonsanın hədəsini qaldırmır. Çünki Allahın Peyğəmbəri -salləllahu aleyhi və səlləm- qadının təharət suyunun qalıqları ilə kişinin dəstəmaz almasını qadağan etdi. Bu hədisi Əbu Davud və digərləri rəvayət etmişlər. Tirmizi hədisi həsən saymışdır. İbn Hibban isə hədisi səhih saymışdır. Əhməd -rahiməhullah- Əbu Talibin rəvayətində belə dedi: Allah Rəsulunun -salləllahu aleyhi və səlləm- əksər əshabı bu görüşü deyirdilər. Bu, təabbüdi əməldir. Öncə qeyd edilənlərdən həmin suyun mütləq olaraq nəcasəti apardığı bilinmişdir.
(ər-Raudul murbi`:13-cü səh)
Misalla izah: Qadın bir vedrə suyu götürüb kamil təharət üçün, məsələn qüsl üçün təkliyə çəkilir və həmin suyun bir hissəsi ilə qüsl alır. Vedrənin içində biraz su qalır. Vedrənin içində qalan su təmizləyici hesab olunur, ancaq həddi-buluğa çatmış kişinin və xonsanın (hermafroditin) həmin su ilə kiçik yaxud böyük hədəsi qalxmır. Misal üçün kişi həmin su ilə namaz üçün dəstəmaz alarsa, onun dəstəmazı səhih olmayacaq.
Məsələlər:
1- Təmyiz yaşına çatmış, yeni həddi-buluğa çatmayan qızın kamil təharət üçün təkliyə çəkilməsi, kişinin onun suyunun qalıqları ilə hədəsi qaldırmasına mane olmur.
2- Qadının kamil təharət üçün təkliyə çəkilməsi şərtdir. Ancaq əgər qadın hədəsdən, məsələn dəstəmaz üçün əllərini və üzünü yuyarsa, ancaq ayaqlarını yumazsa, yəni natamam təharət alarsa bu halda həmin suyun qalıqları kişinin və xonsanın hədəsini qaldıracaq.
3- Onun istifadə etdiyi su iki qullədən çox olarsa, onun suyunun qalıqları ilə kişinin və xonsanın hədəsi qalxacaq.
4- Qadının xəlvəti, təmyiz yaşına çatmış uşağın yaxud qadının yaxud kafirin yaxud kişinin onu müşahidə etməsilə pozulur. Ancaq qadının yanında körpə uşaq olarsa, onun xəlvəti pozulmayacaq.
5- Qadın kamil təharət üçün deyil, məsələn nəcasəti təmizləmək yaxud suyu içmək yaxud müstəhəb təharət üçün təkliyə çəkilərsə, onun suyunun qalıqları kişinin və xonsanın hədəsini qaldıracaq.
6- Həmin qadın, habelə digər qadınlar, həmçinin yetkinlik yaşına çatmayan uşaq həmin su ilə hədəsi qaldıra bilər və nəcasəti təmizləyə bilər.
7- Həddi-buluğa çatan kişi və xonsa həmin su ilə nəcasəti təmizləyə bilər. Habelə qadın kişinin kamil təharət üçün təkliyə çəkildiyi suyun qalıqları ilə hədəsi qaldıra bilər.
8- Bu hökmün illəti məlum deyil və sadəcə təabbüdidir.