Kitabın müəllifi: Qadı Şəmsuddin Əbu Abdullah Muhamməd İbn Muflih İbn Muhamməd İbn Mufarric ər-Ramini əl-Məqdisi əd-Diməşqi əs-Salihi (hic; 708-763).

İbn Muflih -rahiməhullah- hənbəli ailəsi olaraq tanınan Muflih sülaləsinin başçısı və ən görkəmli şəxsiyyəti hesab edilir. İbn Muflih -rahiməhullah- imam Mizzi, İbn Teymiyyə və Zəhəbi kimi alimlərin şagirdi olub. İbn Muflihin əsli Nəblusun Ramin adlı məntəqəsindəndir. Məşhur hənbəli alimi və (kifəyətul mustəqni liədillətil muqni) adlı kitabının müəllifi Cəməluddin Əbul Məhəsin Yusuf İbn Muhamməd əl-Mərdavinin qızı, İbn Muflihin zövcəsi olmuşdur. 


Onun şeyxi İbn Teymiyyə -rahmətullahi aleyhi- İbn Muflih barədə deyərdi: “Sən İbn Muflih deyilsən, sən elə Muflihin özüsən!” (qeyd; muflih sözünün ərəb dilində mənası nicat tapandır)


İbnul Qayyim İbn Teymiyyənin ixtiyaratlarında məhz İbn Muflihin sözlərinə etimad edərdi. İbnul Qayyim onun haqqında demişdi: “Göy qübbəsinin altında imam Əhmədin məzhəbini İbn Muflihdən daha yaxşı bilən yoxdur!”


İbn Abdul-Hədi -rahiməhullah- (əl-Cəuharul munəddad) kitabında dedi: “Deyiləcək: Şeyx İbn Teymiyyənin əshabı içində ən fəqih olanı (əl-Furu) kitabının müəllifi İbn Muflihdir.”


Həmçinin İbn Abdul-Hədi əl-Furu kitabı haqqında dedi: “O məzhəbin süpürgəsidir (yəni onu səhihləşdirən kitabdır). Bunu şeyximiz Əbul Fərəc Abdur-Rahmən İbn İbrahim əl-Həbbəldən eşitmişəm.”


İbn Bədran -rahiməhullah- (əl-Mədxəl:223-cü səh) kitabında dedi: “Kəşfuz zunun kitabında dedi: Müəllif onu gözəl tərzdə təlif etmiş və məzhəbini tərifəlayiq şəkildə təqdim etmişdir. İbn Bədran bu sözlərin üzərinə dedi: Bu cür kitabın bənzəri nadir hallarda mövcud olur. Artıq İbn Həcər (əd-Durarul kəminə) kitabında onu tərifləyib belə deyib:  “Əl-Furu kitabını iki cilddə təlif etmiş və orada çox gözəl şəkildə məsələləri ərz etmiş, habelə orada alimləri heyran buraxdığı əcaib furuatları qeyd etmişdir.”


Habelə əl-İnsaf kitabının müəllifi Aləuddin əl-Mərdavi əl-Furu kitabını tərifləmiş və onun məzhəbi təhrir edən və onu səhihləşdirən bir kitab olduğunu bəyan etmişdir. Mərdavi əl-Furu haqqında demişdir: “Müəllif həmin kitabı yazmaqla məzhəbi səhihləşdirməyi, ona düzəlişlər verməyi və cəm etməyi qəsd etmişdir. Müəllif kitabında əsasən məzhəbin mötəməd olan görüşlərini önə çəkdiyini qeyd etmişdir. Bir məsələnin tərcihi ixtilaf doğurduğu zaman, müəllif ixtilafı itlaq edir (yəni üstün olan tərəfi qeyd etmir və sadəcə görüşləri qeyd edir). Buna rəğmən müəllif –rahiməhullah- onu tam olaraq başa çatdırmamış və həmin kitab ona oxunmamışdır (yəni onun əli ilə tədris olunmamışdır).” 


Kitabın seçilən xüsusiyyətlərindən: Müəllif icma məsələlərini, habelə üç imamın ixtilaf etdikləri və müvafiq olduqları məqamları işarələyir.