Hənbəli məzhəbinin mufradətları deyildiyii zaman, hənbəli məzhəbinin digər üç məzhəbdən ayrıldığı fiqhi məsələlər qəsd olunur. Hər hansı bir məsələnin məzhəbin mufradətı olması üçün üç şərtin olması lazımdır:


1-Məzhəbdə deyilən həmin sözün, məzhəbdə məşhur olan görüş olmasıdır. Yəni əksər hənbəlilərin etimad etdiyi görüş olmasıdır. Əks halda həmin görüş mufradət sayılmaz.


2-Həmin görüşün digər məzhəblərdə olan məşhur görüşə müxalif olmasıdır. Digər məzhəblərdə məşhur olmayan görüşə uyğun olsa, məsələn Malikilərin ikinci rəvayətinə uyğun gəlsə, həmin görüş mufradət anlamını itirməyəcək.


3-Hər üç məzhəbin görüşünə müxalif olmasıdır. Əgər ikisinə müxalif olsa, ancaq məsələn Şafiilərin görüşünə uyğun gəlsə, bu zaman həmin görüş mufradət sayılmaz. 


-Hənbəli məzhəbinin mufradətlarına dair bir neçə misal:


-Dəvə ətini yeyənin dəstəmazı pozulur. 


-Yeyilməsi mübah olan leş heyvanın dərisi aşılanmaqla təmizlənmir.


-Dəstəmazı pozan gecə yuxusundan duran mükəlləfin əllərini üç dəfə yuması vacibdir.


-Xuflara məsh çəkmək ayaqları yumaqdan daha fəzilətlidir.


Hənbəlilərin mufradət barədə yazdıqları kitabların çoxu orta əsirlərdə yazılmışdı. Buna ən başlıca səbəblərdən biri isə, həmin dönəmlərdə yaşamış şafii alimlərindən biri İlkiya əl-Hərrasinin bir iddiası olmuşdu. O iddia etmişdi ki, hənbəli məzhəbi əslində şafii məzhəbidir və hənbəli məzhəbində bəzi cuzi fərqliliklər vardır. Həmin məsələlər də, zəif görüşlərdir. Bu səbəbdən hənbəli məzhəbini müstəqil bir məzhəb hesab etmək doğru deyil. Bu hadisədən sonra, hənbəli imamları ona rəddiyə verib bu şübhənin əsassız olduğunu isbat etmək və hənbəli məzhəbinin onlara xas olan görüşlərini bəyan etmək üçün mufradət barədə kitablar təlif etmişlər. Bu səbəbdən, məzhəblər içində mufradət barədə ən çox kitablar təlif edən hənbəli alimləri olmuşlar.


İbn Mibrad əl-Hənbəli –rahiməhullah- buyurmuşdu ki, İmam Əhmədin məzhəbində İmam Şafiinin məzhəbinə müxalif olan məsələlərin sayı on min məsələni adlayır. 


Hənbəli məzhəbində mufradət barədə yazılan kitablar çoxdur. Həmin kitablardan bəziləri bunlardır:


Əbul Xattab əl-Kəlvazəni (əl-Mufradət)

Əbul Vafə İbn Aqil (əl-Mufradət)

İbn Əbu Yalə (Ruusu məsəilil mufradət fil fiqh)

İbn Zəğuni (əl-Mufradət)

Abdul-Vahhəb əş-Şirazi əl-Hənbəli (əl-Mufradət)

Vazir İbn Hubeyra (əl-Mufradət)

İbn Cəuzi (əd-Dıyə fir raddi alə ilkiyə)

Mənsur əl-Buhuti (Munəhuş şifə əş-şəfiyət)