Oruclu insanın zəvaldan sonra dişlərini misvakla sürtməsi məkruhdur
Hənbəli məzhəbində oruclu insanın zəvaldan sonra dişlərini misvakla sürtməsi məkruhdur. Onlar buna dəlil olaraq Əbu Hureyranın –radıyəllahu anhu- Allah Rəsulundan-salləllahu aleyhi və səlləm- rəvayət etdiyi hədisi dəlil gətirirlər:
لَخُلُوفُ فَمِ الصَّائم أطيبُ عند الله من ريح المسك
“Oruclu insanın ağzından gələn qoxu Allah qatında müşkün iyindən daha təravətlidir.” (Hədisi Muslim və digərləri rəvayət etmişlər)
Bu hədisə əsasən misvakla dişləri sürtməyin oruclunun ağzında olan o qoxunu apardığını demişlər. Bu qoxu da, xüsusən zəvaldan (yəni zöhr namazı girən vaxtdan) sonra daha da, çoxalır.
İmam Mərdavi –rahiməhullah- əl-İnsaf kitabında dedi:
وأما الصائم قبل الزوال : فإن كان بسواك غير رطب استحب له
Nəm misvak olmayacağı təqdirdə oruclunun zəvaldan öncə dişlərini misvaklaması müstəhəbdir.
İbn Nəccar əl-Hənbəli –rahiməhullah- Muntəhəl iradət adlı kitabında dedi:
ويباح قبله بعود رطب وبيابس يستحب
(Zəvaldan) öncə nəm misvakla dişləri sürtmək mübahdır, quru ilə sürtmək isə müstəhəbdir.
İmam Mənsur əl-Buhuti –rahiməhullah- ər-Raudul murbi` kitabında dedi:
وقبل الزوال يستحب له بيابس ويباح برطب
Zəvaldan öncə quru misvakla dişlərini sürtməsi müstəhəb, nəm misvakla isə mübahdır.
Həmçinin İmam Buhuti –rahiməhullah- Şərhul muntəhə kitabında dedi:
والرطب مظنة التحلل منه فلذلك أبيح السواك به بخلاف اليابس فيستحب كما تقدم
Nəm olan misvakın parçalanma ehtimalı mövcuddur. Bu səbəbdən onunla dişi təmizləmək mübah edildi. Quru isə ondan fərqli olaraq, qeyd edildiyi kimi müstəhəbdir.
Xülasə: Hənbəli imamları oruclunun misvakla dişlərini sürtməsini üç məsələyə ayırmışlar:
1-Zəvaldan sonra (zöhrün girdiyi vaxtdan) misvakla dişləri sürtmək məkruhdur.
2-Zəvaldan öncə quru misvakla dişləri sürtmək müstəhəbdir.
3-Zəvaldan öncə nəm misvakla dişləri sürtmək mübahdır.
Tags
RAMAZAN