Alimlər iki sütun arasında namaz qılmaq barədə ixtilaf etmişlər. Bəziləri bunun icazəli, bəziləri isə məkruh olduğunu qeyd etmişlər.
Lakin yekdilliklə zərurət vaxtı bunun icazəli olduğunu demişlər.
Xalil Əhməd əs-Səhəranfuri əl-Hənəfi “Bəzlul məchud:4/339” kitabında demişdir: “Zərurət vaxtı onun (sütunlar arasında cərgələri düzməyin) icazəli olmasında heç bir ixtilaf yoxdur.”
Bir sıra hədislərdə iki sütun arasında namaz qılmaq barədə qadağa gəlmişdir. Həmin hədislərdə gələn qadağaya bir neçə səbəb göstərilmişdir. Bunu İbn Həcər “Fəthul bəri” əsərində qeyd etmişdir. Qadağaya göstərilən bəzi səbəblər:

1-Sütunların cərgəni pozmasıdır.
2-Sütunların arasının ayaqqabı qoyulan yer olmasıdır.
3-Sütunların arasının mömin cinlərin namaz qıldıqları yer olmasıdır.
Lakin fəqihlər daha çox qadağaya səbəb kimi sütunlar arasında durmağın cərgələri pozmasını göstərmişlər.
Buna dəlil isə Muaviyə ibn Qurranın öz atasından rəvayət etdiyi hədisdir: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dönəmində bizə sütünların arasında cərgələri düzmək qadağan edilir və biz (orada durduqda) oradan qovulurduq.”
Habelə Hakimin rəvayət etdiyi və səhih saydığı hədis göstərilmişdir: Ənəs rəvayət edib demişdir: “Sütunlar arasında namaz qılmayın və cərgələri tamamlayın.” Demişlər ki, sütunlar arasında namaz qılmaq barədə gələn qadağa və cərgələrin tamamlanması barədə gələn əmr sütunların cərgəni pozduğuna dəlalət edir.”

Hənəfilərin məzhəbi:

Hənəfilərə görə imamın sütunların arasında durması məkruhdur.
Muhamməd Əmin ibn Ömər ibn Abidin əl-Hənəfi “Raddul muhtər alə-d-durril muxtər:1/646” demişdir: “Mi`racu-d-dirayə” kitabının imamlıq fəslində gəlmişdir: “Əbu Hənifədən rəvayət olunan ən səhih görüş onun bu sözləridir: “İmamın iki sütun arasında yaxud məscidin bir küncündə və ya tərəfində yaxud sütuna tərəf durmasını məkruh görürəm. Çünki bu, ümmətin əməlinə müxalifdir.”
Hənəfilərə görə tək namaz qılan şəxsin sütunlar arasında namaz qılması məkruh deyil.
Əşrəf ət-Təhənəvi əl-Hənəfi “İ`ləu-s-sunən:4/382” kitabında demişdir: “Tək namaz qılan şəxsə sütunlar arasında durmaq məkruh deyil.”
Hənəfilərin cumhuruna görə məmumların camaat namazında sütunların arasında cərgələri düzmələri icazəlidir.
Xalil Əhməd əs-Səhəranfuri əl-Hənəfi “Bəzlul məchud:4/341” kitabında demişdir: Ənəsin iki hədisinə gəldikdə isə, həmin rəvayətlər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Kəbədə iki sütun arasında namaz qılmasına dair ondan gələn səhih hədis ilə öz qüvvəsini itirir. Bu zaman sütunlar arasında namaz qılmağın yalnız və yalnız icazəli olduğunu demək qalır. Bu isə həmin mövzuda ən ədalətli və güclü görüşdür.”
Səhəranfurinin qeyd etdiyi Ənəsin iki hədisi isə bunlardır:
Birinci rəvayət: Abdul-Hamid ibn Mahmud (radıyəllahu anhu) demişdir: “Ənəs ibn Malik ilə birgə cümə namazını qıldıqda bizi sütunlar tərəfə sıxışdırdılar və (bəzimiz) irəli (bəzimiz isə) geri çəkildik. Ənəs dedi: Biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dönəmində bundan qorunardıq.” Əbu Davud rəvayət etmişdir.
İkinci rəvayət: Ənəs ibn Malik (radıyəllahu anhu) demişdir: “Bizə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dönəmində sütunlar arasında namaz qılmaq qadağan edilərdi. Dedi: Sütunların arasında namaz qılmayın və cərgələri düzəldin.” Hakim rəvayət etmişdir.
əs-Səhəranfuri əl-Hənəfi dedi: “Onlar bunun məkruh olmasına bu hədisi (Əbu Davudun) hədisini və İbn Macənin Muaviyə ibn Qurradan, onun da atasından rəvayət etdiyi hədisi dəlil gətirmişlər: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dönəmində bizə sütunların arasında cərgələri düzmək qadağan edilər və biz oradan qovulardıq.” Onların bu hədislər ilə məkruhluğa dəlil gətirmə yönü ondan ibarətdir ki, Əbu Davudun və qeyrisinin Ənəsdən təxric etdikləri hədis, habelə Hakimin Ənəsdən təxric etdiyi və səhih saydığı hədis mütləqdir (yəni orada cərgələr qeyd edilmir.) Muaviyə ibn Qurranın atasından rəvayət etdiyi hədis isə camaat namazı ilə müqayyəddir. Bu zaman mütləq rəvayət müqayyəd rəvayətə buraxılır və qadağa imamın və tək qılanın namazına deyil sırf olaraq məmumların sütunların arasında namaz qılmalarına aid edilir. Bunun cavabı: Onların əsas dəlili olan Muaviyə ibn Qurranın hədisi zəifdir. Çünki hədisin isnadında Harun ibn Muslim əl-Bəsri adlı şəxs vardır. O isə məchuldur.” (Bəzlul məchud:4/340)
Səhəranfurinin sözlərindən anlaşılır ki, sütunlar arasında camaat namazını qılmağın məkruh olduğunu deyən şəxslərin əsas dəlili olan Muaviyə ibn Qurranın rəvayəti zəifdir və dəlil olaraq yararsızdır. Belə olan halda mütləq rəvayət müqayyəd rəvayətə buraxılmır. Çünki qeyd etdiyi kimi müqayyəd rəvayət səhih deyil. Ənəsin mütləq rəvayətləri isə müəllifə görə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Kəbədə sütunların arasında namaz qılması ilə öz qüvvəsini itirir və sütunların arasında camaat namazını qılmaq icazəli sayılır.
Muhamməd ibn Əhməd əs-Səraxsi “əl-Məbsut:2/32” kitabında demişdir: “İki sütun arasında cərgələri düzmək məkruh deyil. Çünki o, uzun olmasa da (namaz qılan) hər dəstəyə aid olan bir cərgədir. Sütunun cərgənin arasına girməsi isə (yerə) goyulan əşyanın cərgəyə soxulması yaxud ayaqların arasında buraxılan boşluq (ara) milsindədir. Bu isə imama uymağın səhihliyinə mane olmur və məkruhluğu gərəkdirmir.”
Hənəfilər sütunların arasında cərgələri düzməyin icazəli olmasına bir necə səbəb gətirmişlər:
1-Sütunların arasında cərgələri düzməyin məkruh olduğunu deyənlərin əsas dəlilləri zəifdir. Mütləq rəvayətlər isə Peyğəmbərin Kəbədə sütunlar arasında namaz qılması ilə qüvvədən düşür.
2-Sütunlar arasında camaat namazı qılmaq sütunlar arasında tək namaz qılmağa qiyas edilir. Çünki sütunlar arasında tək namaz qılmağın caiz olması sabit olmuşdur.
3-Sütunlar cərgəni pozmur və cərgədə məmumlar arasında müəyyən qədər aranın yaranması imama uymağın səhihliyinə mane olmur və məkruhluğu gərəkdirmir.
Ancaq bəzi Hənəfi alimlərinin sözlərindən onların sütunlar arasında cərgələri düzməyi məkruh gördükləri anlaşılır.
Hafiz Bədruddin əl-Ayni əl-Hənəfi “Umdətul qari şərh sahih buxari:4/284” kitabında demişdir: “İnsan tək (munfərid) duracağı və camaat namazında olmayacağı zaman onun iki sütun arasında namaz qılması qəbahətsizdir. (Buxari) camaat namazından kənar qeydini vurğulamışdır. Çünki bu cür etmək cərgələri pozur. Camaat namazında cərgələri düzəltmək isə tələb olunan işdir.” Habelə “İ`ləu-s-sunən” kitabının müəllifi bu sözləri nəql etmişdir.

Malikilərin məzhəbi:

Malikilərin məzhəbinə əsasən imamın və tək namaz qılan şəxsin sütunların arasında namaz qılması məkruh deyil. Habelə əgər məscid sıx olarsa, sütunların arasında cərgələri düzmək icazəlidir. Məscid geniş olacağı zaman isə bunu etmək məkruhdur.
İmam Malik demişdir: “Məscid sıx olacağı zaman iki sütun arasında cərgələri düzmək qəbahətsiz işdir.” (əl-Mudəvvinə:1/195)
İbn Yunus əl-Məliki imam Malikin sözləri barədə demişdir: “Yəni cərgələrin sütuna birləşik olması qəbahətsiz işdir və bu, cərgələrin pozulmasına dair gələn qadağaya aid deyil. (Dedi): “İbn Məsud sütunların arasında namaz qılmağı məkruh görmüşdü.” Yəni demək istəyir ki, məscid geniş olacağı zaman.
İbn Arafa əl-Məliki demişdir: “Mudəvvinə kitabından anlaşılır ki, məscid geniş olduqda iki sütun arasında namaz qılmaq məkruhdur. “əl-Məbsut” kitabında məkruh olmadığını demişdir. (ət-Təc val iklik limuxtəsar xalil:2/106-ci səh)
İbn Həbib əl-Məliki demişdir: “Qadağa, məscid sıx olacağı zaman cərgələri pozmaq haqda gəlməmişdir. Qadağa yalnız məscid geniş olacağı zaman öz təsdiqini tapır.” (Umdətul qari:4/286)
İbn əl-Arabi əl-Məliki demişdir: “Sıxlıq zamanı onun icazəli olmasında heç bir ixtilaf yoxdur. Genişlik olacağı zaman isə camaat namazında məkruhdur. Tək qılan şəxsə isə heç bir qəbahət yoxdur. Artıq Peyğəmbər (salləllahu aleyi və səlləm) Kəbədə sütunlar arasında namaz qılmışdır.” (Aridətul əhvazi:2/27)
Zərqani “Şərhul muvatta:2/473” demişdir: “Hakim səhih isnadla Ənəsdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) sütunların arasında namaz qılmağı qadağan etmişdir. Onun bu feli isə qadağanın məkruhluğuna dəlalət edir.
Əhməd əd-Dərdir “əş-Şərhul Kəbir:1/331” demişdir: “Camaat üçün sütunlar arasında namaz məkruh sayılmışdır.”
Nəvəvi “əl-Minhəc:4/226” kitabında demişdir: “Heç bir üzr olmayacağı zaman Malikin bu əməlin məkruhluğu haqda sözləri müxtəlif gəlmişdir. Ona görə məkruhluq səbəbi, bu felin cərgəni pozması və insanın yaxın divara yönəlik namaz qılmamasıdır.”
Bir sözlə, Malikilərə görə ehtiyac olmadıqda sütunların arasında cərgələrdə durmaq məkruhdur. Çünki bu zaman sütun cərgəni pozur.

Şafiilərin məzhəbi:

Şafiilərin məzhəbinə əsasən imamın, tək namaz qılan şəxsin və camaatın sütunlar arasında namaz qılması məkruh deyil.
Muhamməd ibn Əhməd ər-Ramli “Fətəva-r-ramli:1/232” kitabında demişdir: Sual: İnsanın məscidin sütunlarından olan iki sütunun arasında namaz qılması məkruhdurmu? Cavab verib demişdir: “İstər namaz qılan şəxs tək, istər imam, istərsə də, məmum olsun qeyd olunan namaz məkruh deyil. Müstəsna hal insanın cərgədən ayrı durmasıdır.”
Əbu Zəkəriyyə ən-Nəvəvi “əl-Minhəc:4/226” kitabında demişdir: “Bizdə (yəni bizim məzhəbdə) sütunlar arasında namaz qılmaq məkruh deyil.”
İbn əl-Munzir “əl-Əusat:4/183” demişdir: “Bu haqda, (yəni Peyğəmbərin sütunlar arasında cərgələri düzməyi) qadağan etməsi barədə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sabit olan bir xəbər yoxdur.”

Hafiz İbn Həcər əl-Asqaləni “Fəthul bəri” əsərində demişdir: “Rafi`i “Şərhul musnəd”də demişdir: Buxari bu hədisi, yəni İbn Ömərin Bilaldan rəvayət etdiyi hədisi dəlil gətirmiş və camaat olmayacağı təqdirdə iki sütun arasında namaz qılmağın qəbahətsiz olacağını demişdir. Habelə işarə etmişdir ki, tək namaz qılan şəxsin sütunə tərəf namaz qılması daha münasibdur. Bu münasiblik ilə bərabər (tək namaz qılana) onun arasında durmaq məkruh deyil. Camaat namazında isə iki sütun arasında namaz qılmaq ona tərəf qılmaq kimidir.”
İbn Dəqiq əl-İid “İhkəmul əhkam:1/69” kitabında Bilalın hədisi barədə demişdir: “Orada sütunlar arasında namaz qılmağın icazəli olmasına dəlil vardır. Habelə Peyğəmbərin iki sütun arasında olan bir səmtdə namaz qılması və həqiqi surətdə ona paralel durmaması ehtimalı olsa da həmin rəvayətdə sütunlar və dirəklərin arasında namaz qılmağın icazəli olmasına dəlil vardır. Artıq (başqa rəvayətlərdə) bu barədə məkruhluq gəlmişdir. Əgər həmin rəvayətlərin isnadı səhih olmasa bu hədis (Bilalın hədisi) onun önünə çəkiləcək və rəvayətdə gələn “iki sütun arasında” sözünün həqiqi mənasına əməl ediləcək. Əgər digər rəvayətlərin isnadı səhih olsa qeyd etdiyimiz mənaya təvil ediləcək ki, o iki sütunun arasında olan səmtdə namaz qılmışdır. Əgər (məkruhluq haqda gələn rəvayətlər) əsər olsa müsnəd (yəni Peyğəmbərə qaldırılan rəvayət) önə çəkiləcək.”

Şafiilər sütunların arasında cərgələri düzməyin icazəli olmasına, demək olar ki, Hənəfilərin göstərdiyi səbəbləri gətirmişlər. Onlar camaatı imama və tək namaz qılana qiyas edərək sütunlar arasında cərgələr düzməyin icazəli olduğunu demişlər. Habelə İbn Dəqiqin sözlərindən anlaşılır ki, onlara görə sütunlar arasında cərgələri düzməyin qadağan edilməsi barədə gələn rəvayətlər səhih deyil.
Ancaq bir sıra tədqiqçi şafii alimləri sütunlar arasında cərgələrdə durmağı məkruh görmüşlər.
Belə ki, Hafiz ibn Həcər Rafiinin yuxarıda qeyd olunan sözlərinə əlavə edərək demişdir: “Lakin bu sözlər mübahisəlidir. Çünki sütunlar arasında namaz qılmaq barədə xüsusi qadağa gəlmişdir. Hakim Ənəsdən səhih isnadla bunu rəvayət etmişdir. Habelə üç sünən kitabında həmin rəvayət vardır. Tirmizi onu həsən saymışdır. Muhib ət-Tabəri dedi: Varid olan qadağadan ötrü bir sıra insanlar sütular arasında cərgədə durmağı məkruh görmüşlər. Bunun hikməti cərgənin kəsilməsidir yaxud da oranın ayaqqabı yeri olmasıdır. Qurtubi dedi: Onun məkruh olma səbəbi olaraq rəvayət edilir ki, ora mömin cinlərin namaz qıldıqları yerdir.”

Hafiz əl-İraqi əş-Şafii “Tarhu-t-təsrib:5/142” kitabında İbn Dəqiqin qeyd olunan sözlərini nəql etdikdən sonra demişdir: “Bu sözlər mübahisəlidir. Çünki iki sütun arasında namazın məkruhluğu yalnız camaat namazı üçün gəlmişdir. Səbəb isə sütunların cərgələri pozmasıdır. Ancaq əgər biri sütunların arasında tək namaz qılsa yaxud imam camaat namazında onun arasında dursa yaxud çox olmayacaqları və sütün onların arasını ayırmayacağı təqdirdə məmumlar onun arasında namaz qılsalar, bu halda hər hansı bir adamın bunu məkruh gördüyünü bilmirəm.”
Cələluddin əs-Suyuti “əl-Havi lil-fətəva:1/63” kitabında demişdir: “Buxari səhih əsərində, "camaat namazından kənar sütunlar arasında namaz fəsli" demiş, ardından buna dair Kəbədə namaz haqda İbn Ömərin Bilaldan rəvayət etdiyi hədisi gətirmişdir. Hafiz ibn Həcər dedi: “Onun camaat namazından kənar qeydini vurğulaması bu əməlin cərgələri kəsməsi səbəbilədir. Camaat namazında cərgələri düzəltmək isə tələb olunan işdir. Rafi`i “şərhul musnəd”də demişdir: Buxari bu hədisi dəlil gətirmiş və camaat olmayacağı təqdirdə iki sütun arasında namaz qılmağın qəbahətsiz olacağını demişdir. Muhib ət-Tabəri dedi: Gələn qadağadan ötrü bir sıra insanlar sütular arasında cərgədə durmağı məkruh görmüşlər. Məkruhluq isə sıxlıq olmayacağı zamana aiddir. Bunun hikməti isə cərgənin pozulmasıdır. Daha sonra dedi: Gətirdiyimiz hədislər, habelə məzhəb əhlinin və digər şərhçilərin sözləri bu əməlin məkruh olması barədə açıq-aydındır. Bəzi yerlərdə isə fəzilətin gedəcəyi açıq ifadə edilir.”

Hənbəlilərin məzhəbi:

Hənbəlilərə görə imamın və tək namaz qılan şəxsin sütunların arasında namaz qılması məkruh deyil. Ancaq cərgələr pozulacağı təqdirdə məmumların (namazda imama uyan şəxslərin) sütunların arasında namaz qılmaları məkruhdur.

Şəmsuddin İbn Muflih əl-Hənbəli “əl-Furu`:2/39” kitabında demişdir: “Məmumların sütunların arasında durmaları məkruhdur. Əhməd dedi: Çünki o, cərgəni pozur.”

İbn Qudamə əl-Hənbəli “əl-Muğni:2/27” əsərində demişdir: “İmamın iki sütun arasında durması məkruh deyil.” İmam Əhməd dedi: “İmama sütunlar arasında dayanmaq məkruh deyil.” Məmumların sütunların arasında durmaları isə məkruhdur. Çünki bu, cərgələri pozur. Habelə İbn Məsud və Nəxai bunu məkruh görmüşlər. Həmçinin bu, Huzeyfə və İbn Abbasdan rəvayət edilir. Ancaq İbn Sirin, Malik və rəy əhli, habelə İbn Munzir bunu rüxsətli etmişlər. Çünki bunun yasaq olmasına heç bir dəlil yoxdur. Bizdə isə Muaviyə ibn Qurranın öz atasından rəvayət etdiyi hədis vardır: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dönəmində bizə sütünların arasında cərgələri düzmək qadağan edilir və biz (orada durduqda) oradan qovulurduq.” Çünki bu hərəkət cərgəni pozur. Lakin əgər cərgə iki sütunun arası qədər balaca olarsa məkruh olmayacaq. Çünki bu halda cərgələr pozulmur.”

Habelə Əbu Davud rəvayət edib demişdir: İmam Əhməddən iki sütun arasında namaz barədə soruşulduğu zaman onun belə dediyini eşitdim: Biz bunu yalnız (həmin əməl) cərgəni pozduğu üçün məkruh görürük. Sütunlar bir birindən uzaq olacağı zaman isə bunun məkruh olmayacağına ümid edirəm."
Abdus-Sələm ibn Teymiyyə əl-Harrani “əl-Muharrar fil fiqh:1/124” demişdir: “Sütunlar arasında yalnız cərgə pozulacağı zaman durmaq məkruhdur.”

Mənsur ibn Yunus əl-Buhuti “ər-Raudul murbi`:1/264” demişdir: “Əgər cərgə iki sütun arası qədər balaca olarsa (orada durmaq) qəbahətsiz olacaq.”

Bir sözlə Hənbəlilərin məzhəbinə görə cərgələr pozulacağı zaman məmumların sütunların arasında durması məkruhdur. Onların buna gətirdikləri əsas dəlillərdən biri Muaviyə ibn Qurranın rəvayətidir. Artıq qeyd olunmuşdur ki, bu əməli icazəli görənlər, ələxsus Hənəfilər bu rəvayətin zəif və dəlil olaraq yararsız olduğunu demişlər. Hənbəlilərdən gələn bir rəvayətdə isə gəlir ki, imama sütunların arasında durmaq məkruh olmadığı kimi məmumlara da bunu etmək məkruh deyil. Hər bir halda əgər buna lüzum yaranarsa iki sütunun arasında durmaq məkruh olmayacaq. (Bax: əl-Muğni:2/220. Məsəil imam əhməd, rivayətu salih:1/259)
Daimi komitənin fətvası:

Fətvalar və elmi araşdırmalar üzrə daimi kömitənin fətvasında gəlmişdir: “Cərgələr pozulacağı zaman sütunlar arasında durmaq məkruhdur. Məscidin sıx olacağı, namaz qılanların isə çox olacaqları hal müstəsnadır.” (Fətəva-l-ləcnəti-d-dəimə:5/295)

Məsələ:
Bir sıra fəqihlər, ələxsus Hənbəli fəqihləri cərgələri pozan sütunun eni barədə danışmış və sütunun cərgəni pozması üçün üç dirsək (zira`) yaxud üç kişinin yerləşəcəyi yer enində olmasını qeyd etmişlər.
Şəmsuddin Muhamməd ibn Muflih “ən-Nukət val favaid aləl muharrər:1/124” demişdir: “O cərgəni pozan miqdara toxunmamışdır. Sanki o bu məsələdə örfə qayıdır. Bəzi əshabımız isə şərt qoymuşlar ki, cərgəni pozan sütunun eni üç dirsək olmalıdır. Əks halda onun cərgəni pozması və ona xələl gətirməsi hökmü sabit olmur. Bunu şeyx Vacihuddin qeyd etmişdir. Bu sözlər isə əshabdan irəlidəki sözləri deyənin mənasını daşıyır: Əgər biri imamın solunda durar və onunla imam arasında üç kişinin duracağı qədər boşluq qalarsa namazı səhih olmayacaq. Çünki kişi bir dirsəyə yaxın məsafədə durmalıdır. Bunun çərçivəsini müəyyən etmək isə təuqifi məsələdir. Burada isə təuqif yoxdur. Sütunlar arasında durmaq ehtiyacı olacağı zaman bunu etmək məkruh olmayacaq. Buna bir toplum, o cümlədən “əl-Hidəyə”nin şərində müəllif qəti əminlik ifadə etmişdir.”
Burhanuddin ibn Muflih “əl-Mubdi` fi şərhil muqni`: 2/93” kitabında demişdir: “Bəziləri demişlər: Ehtiyac halını çıxmaqla sütunun eni üç (kişinin) yeri qədər olur. Daha güclü görüş isə daha çox olması yaxud örfə qayıtmaqdır.”

Şeyx Salih ibn Useymin “əş-Şərhul mumti` alə zədil mustəqni`:238-239” kitabında demişdir: “Müəllif dedi: “Cərgələri pozacağı zaman”. Müəllif məkruhluğun hasil olması üçün onun cərgələri pozmasını şərt qoymuşdur. Cərgənin pozulma miqdarı nədir? Bəziləri onu üç dirsək çərçivəsində etmişlər. Dedi: Sütun üç dirsək (enində) olacağı zaman o cərgəni pozacaq. Bundan kiçik olan isə cərgəni pozmur. Bəzi alimlər demişlər: Onun miqdarı üç kişinin duracağı yerdir. Üç kişinin duracağı yer isə üç dirsəkdən daha azdır. Habelə deyilmişdir: Mötəbər olan örfdür. Müəllifin sözləri bunu ifadə edir. Bundan kiçik olan sütunlar isə balacadır və cərgələri pozmur. Ələxsus da həmin sütunlar bir-birindən uzaq olacağı zaman. Bu sözlərə əsasən onun arasında durmaq məkruh deyil.”

Fəqihlərin bu həddi təyin etməkdə əsaslandığı məqama yuxarıda işarə edilmişdir. Onlar cərgədə duran məmunun onu cərgədən ayıran həddi təyin etməyə və hansı halda məmumun, cərgədə duran camaatdan kəsiləcəyinə nəzər yetirmişlər. İbn Muflihin işarə etdiyi məqam məhz budur.

Lakin şeyx Salih ibn Useymin digər yerdə demişdir: “Səhih olan, sütunlar arasında namaz qılmaq barədə qadağanın mütləq gəlməsidir. Səhabələr sütunlar arasında duran adamları oradan qovardılar. Halbuki Peyğəmbərin (salləllahu aleyhi və səlləm) məscidinin sütunları xurma ağacının gövdəsindən idi. Səhih olan söz, fəqihlərin qeyd etdiyi həddin əsassız olmasıdır.” (Səməratu-t-tədvin min məsəil ibn useymin: sual:148)
Yekun: Muaviyə ibn Qurranın atasından rəvayət etdiyi hədis, sütunların arasında cərgələri düzməyi məkruh görən alimlərin əsas dəlillərindən biridir. Həmin hədisin səhihliyi barədə isə müxtəlif sözlər deyilmişdir. Lakin bu mövzuda digər rəvayətlər və əsərlər var və həmin rəvayətlərin təhqiq edilməsi gərəkdir. Ən doğrusunu Allah bilir.


Yazar:  Emil Cəfərli