Namazda əlləri qaldırmaq icma ilə sünnədir. İxtilaf sadəcə əllərin qalxdığı yerlər barədə gəlmişdir.
Alimlər namazda əlləri qaldırmaq barədə dörd görüş irəli sürmüşlər:
Birinci görüş: Əllər yalnız ehram təkbiri zamanı qaldırılır. Bu, Hənəfilərin məzhəbidir.
İkinci görüş: Əllər üç yerdə: Ehram təkbirində, ruküyə gedəndə və ruküdən qalxanda qaldırılır. Bu isə, səhabələr, tabiinlər və Malik, Şafii və Əhməd kimi din imamlarından olan cumhur alimlərin görüşüdür.
Üçüncü görüş: Əllər dörd yerdə qaldırılır. Qeyd olunan üç yerdə və birinci təşəhhüddən qalxandan sonra qaldırılır. Bu da, bir sıra alimlərin sözüdür.
Dördüncü görüş: Əllər namazda gətirilən hər təkbir zamanı qaldırılır. 
Bu görüşlərin dəlilləri ilə tanış olaq:
Birinci görüş: Əllər yalnız ehram təkbiri zamanı qaldırılır. Bu görüş, rəy əhlinin, habelə Sufyən əs-Səurinin görüşüdür.

Bu görüş sahiblərinin dəlilləri:
Birinci rəvayət: Abdullah ibn Məsud (radıyəllahu anhu) demişdir: “Mən Peyğəmbər ilə (salləllahu aleyhi və səlləm), habelə Əbu Bəkr və Ömər ilə birgə namaz qıldım və onlar yalnız namaza başlayarkən birinci təkbir zamanı əllərini qaldırardılar.” (Daraqutni:983) Habelə bu hədisi həmin ləfzlə İbn Adiy “əl-Kəmil”, Beyhaqi, İbnul Cəuzi və İbn Hibban rəvayət etmişlər.
Daraqutni hədisi qeyd etdikdən sonra dedi: “Muhamməd ibn Cabir bu hədisi rəvayət edən yeganə şəxsdir. O isə zəif idi. (Sünən əd-dəraqunti, bəbu zikri-t-təkbir va raf`il yedəyn). Beyhaqi də eyni sözləri demişdir.
İbn Adiy həmin hədisi Muhamməd ibn Cabirin bəzi münkər rəvayətləri sırasında qeyd etmişdir.
Abdullah ibn Mubarək dedi: Bu hədis sabit deyil.
İbn Cəuzi dedi: İbn Məsudun hədisində Muhamməd ibn Cabir adlı ravi var. İbn Məin onun haqda belə demişdir: “Bir şey deyil.” İmam Əhməd onun barəsində demişdir: “Ondan yalnız daha şərli birisi hədis rəvayət edir.” Fəlləs demişdir: “Hədisi tərk olunub.” (əd-Duafə:3/46, 2910. Mizənul i`tidəl:3/496, 7301. ət-Təhzib:9/76, 116)
Nəvəvi demişdir: “Onun hədisinin zəif olmasına yekdil olmuşlar.” Zəhəbi dedi: “Hədis zəifdir. Muhamməd ibn Cəbir onu rəvayət edən yeganə şəxsdir.” Şəukani demişdir: “Hədis qondarmadır. Muhamməd ibn Cabir isə yalanda ittiham edilmişdir.”
Əbu Zur`a Muhamməd ibn Cabir barədə demişdir: “Elm əhlinə görə onun hədisləri dəyərsizdir.” Buxari dedi: “Güclü ravi deyil. İnsanlar onun haqda danışmışlar. Münkər hədislər rəvayət etmişdir.” (Təhzibu-t-təhzib:9/76, 116) Habelə Əbu Davud, Nəsai, İbn Hibbən, İbn Əbu Hatim bu ravini (Muhamməd ibn Cabiri) zəif saymışlar.
İkinci rəvayət: İbn Məsud demişdir: “Sizə Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) namazını qıldırımmı? Dedi: Namazı qıldı və yalnız bir dəfə əllərini qaldırdı.” (Tirmizi: 2/42, 257-ci hədis). Habelə bu hədisi bu və buna yaxın ləfzlərlə Əbu Davud, Nəsai, Beyhaqi və Əbu Cəfər Tahavi rəvayət etmişlər.
İbn Həcər “ət-Təlxis:1/402” əsərində demişdir: “Bu hədisi Tirmizi həsən, İbn Hazm isə səhih saymışdır. İbn Mubarək isə dedi: Bu rəvayət mənə görə sabit deyil. İbn Əbu Hatim atasından xəbər verib dedi: Bu, yanlış hədisdir. Əhməd ibn Hənbəl dedi: Onun şeyxi Yəhyə ibn Adəm zəifdir. Bunu onlardan Buxari nəql etmiş və onları “mutəbəat”də nəql etmişdir. Əbu Davud dedi: Səhih deyil. Daraqutni dedi: Sabit deyil. İbn Həcər İbn Hibbandan onun belə dediyini rəvayət etmişdir: Bu, namazda rukü zamanı və ruküdən sonra əlləri qaldırmağı inkar etməkdə Küfə əhli üçün rəvayət edilən ən yaxşı xəbərdir. Əslində isə o, etimad olunmayan ən zəif şeydir. Çünki onu batil edən bir sıra illətlər vardır.”
Bəzzar hədis barədə dedi: Sabit deyil və bu cür rəvayət dəlil gətirilə bilməz. Habelə bir sıra digər mühəddislər hədisin bu ləzflə zəif rəvayət olmasını demişlər. Bu hədisin zəif yönləri ilə ətraflı tanış olmaq istəyən, Muhamməd ibn Nəsr əl-Mərvəzinin “Kitəbu raf`il yədeyn” kitabına müraciət edə bilər.
Xattabi demişdir: “Rukü zamanı və başı ruküdan qaldırandan sonra əlləri qaldırmağın isbatı barədə gələn səhih hədislər İbn Məsudun hədisindən öndədir. İsbat isə inkardan öndə durur. (Aunul mə`bud şərh sunən əbi davud:748-ci hədis)
Üçüncü rəvayət: Bəra ibn Azib rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaza başladığı zaman əllərini qulaqlarına yaxın olan yerə qədər qaldırar daha sonra buna qayıtmazdı.” (Əbu Davud:1/326, 116-cı fəsil). Habelə bu hədisi Əbu Cəfər Tahavi, Daraqutni, Beyhaqi, Abdur-Razzəq və digərləri rəvayət etmişlər.
İbn Həcər “ət-Təlxis” əsərində demişdir: Hədis hafizləri yekdil olmuşlar ki, hədisdə gələn “daha sonra buna qayıtmazdı” sözləri, Yezid ibn Əbu Ziyədin sözündən daxil edilmişdir “mudrəc” (yəni, bu əlavə ravinin öz sözləridir). Şu`bə, Səuri, Xalid ət-Tahhən, Zuheyr və digər hafizlər hədisi həmin əlavəsiz rəvayət etmişlər.
Humeydi dedi: Bu əlavəni yalnız Yezid rəvayət etmişdir. Yezid isə əlavə edir. Osman əd-Dərimi Əhməd ibn Hənbəlin həmin hədisin səhih olmadığını rəvayət edir. Habelə Buxari və digər hədis alimləri bu əlavəni zəif saymışlar. Əhməd ibn Hənbəl dedi: Bu hədis olduqca zəifdir. Bir vaxtlar Yezid bu hədisi “daha sonra bunu etməzdi” sözlərini demədən rəvayət edərdi. Bir müddət sonra hədisi ona yada salanda o bu əlavəni deməyə başladı. Abbas əd-Dəuri Yəhyə ibn Məinin belə dediyini rəvayət edir: Hədis səhih isnadlı deyil. Bəzzar dedi: Həmin hədisdə “daha sonra bunu etməzdi” sözü səhih deyil.
Əli Mədini və Yəhyə ibn Məin Yəzid ibn Ziyad adlı ravi barədə demişlər: Hədisləri zəifdir və onun rəvayətləri dəlil gətirilməz. Abdullah ibn Mubarək dedi: Onu at getsin! Nəsai dedi: Hədisləri tərk olunub. (əd-Duafə:3/209, 3781). əd-Duafə əl-kəbir: 4/380, 1993. Suələt ibn cuneyd:488-ci səh, 883. ət-Təhzib:11/288, 521. əl-Kəmil:7/259, 2161. ət-Təhzib lil-mizzi:32/209, 6990. əl-Mizən:4/425, 9695)
Əbu Davud dedi: Bizə Abdullah ibn Muhamməd əz-Zuhri Sufyandan o da Yəziddən Şərikin hədisi mislində olanı rəvayət etmiş lakin orada “sonra buna qayıtmazdı” sözlərini deməmişdir. Sufyən dedi: Sonralar Kufədə ikən bizə “sonra buna qayıtmazdı” demişdir. Əbu Davud dedi: Huşeym, Xalid, İbn İdris Yəziddən bu hədisi rəvayət etmişlər lakin “sonra buna qayıtmazdı” əlavəsini qeyd etməmişlər.” (əl-Fəslu lil-vaslil mudraci minə-n-nəql:291-ci hədis)
Dördüncü rəvayət: “Əli (radıyəlahu anhu) namaza başladığı zaman əlləri qaldırar daha sonra buna qayıtmazdı.” Digər rəvayətdə: “Əli namazda birinci təkbir zamanı əlləri qaldırar daha sonra əllərini qaldırmazdı.” (İbn Əbi Şeybə, əl-Musannəf:1/267) Habelə bunu Əbu Cəfər Tahavi və Beyhaqi rəvayət etmişlər.
Tahavi, Zeylə`i və əl-Ayni həmin rəvayəti səhih saymışlar. Lakin bir sıra hədis alimləri ravilərdən birinin Asim ibn Kuleyb olmasını demiş və onun bu hədisi rəvayət edən yeganə şəxs olmasına görə rəvayətin zəif olduğunu vurğulamışlar. İbn əl-Mədini dedi: Asim bunu tək rəvayət etdiyi üçün onu dəlil gətirmək olmaz. Buxari dedi:Abdur-Rahmən ibn Mehdi dedi: Mən Səuriyə Nəhşəlinin Asim ibn Kuleybdən rəvayət etdiyi hədisləri qeyd etdim o isə bunu inkar etdi (yaxud rəvayətə irad tutdu).
Osman əd-Dərimi demişdir: “Həmin rəvayət Əlidən qeyd olunan zəif isnad yolu ilə rəvayət edilmişdir. Artıq Abdullah ibn Abdur-Rahmən ibn Hurmuz əl-Ə`rac Abdullah ibn Əbu Rafi`dən, o da Əlidən rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ruküyə gedəndə və başını ruküdən qaldıranda əllərini qaldırardı. Zənn edilmir ki, Əli (radıyəllahu anhu) öz əməlini Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əməlindən daha üstün sayırdı. Əslində Əbu Bəkr ən-Nəhşəlinin rəvayətləri dəlil gətirilməz yaxud digərinin gətirmədiyi halda onun rəvayəti ilə sünnə öz təsdiqini tapmaz. Zə`fərani rəvayət edir ki, Şafii demişdir: Əli və ibn Məsudun əllərini yalnız giriş təkbirində qaldırmaları sabit deyil. Daha sonra Şafii (rahiməhullah) dedi: Bu xəbəri yalnız Asim ibn Kuleyb atasından o da Əlidən rəvayət etmiş və bu rəvayəti götürüb Asimin öz atasından onun da Vail ibn Hucrdan gələn rəvayəti tərk etmişdir. Vail ibn Hucr isə rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) əllərini qaldırardı. (əs-Sunənul kubra, lil-beyhaqi: 2315-ci hədis)
Beşinci rəvayət: Mucahid rəvayət edib demişdir: “Mən İbn Ömərin arxasında namaz qıldım və o namazda yalnız birinci təkbirdə əllərini qaldırdı.” (Şərhu məanil əsər li-t-tahavi:848-ci hədis) Həmçinin rəvayəti İbn Əbu Şeybə nəql etmişdir.
Yəhyə ibn Məin və digər tədqiqçilər bu rəvayəti zəif saymışlar. İsnadda olan Əbu Bəkr ibn Ayyəş ömrünün axırlarında hədisləri qarışıq salırdı. Beyhaqi “kitəbul mə`rifə”də demişdir: Əbu Bəkr ibn Ayyəşin hədisini bizə Əbu Abdullah əl-Hafiz xəbər vermişdir. Daha sonra onu isnadı ilə qeyd etdi. Sonra Buxariyə bu sözləri aid etdi: “Əbu Bəkr ibn Ayyəşin hafizəsi ömrünün sonunda dəyişikliyə uğradı. Rabi, Leys, Tavus, Səlim, Nəfi`, Əbu Zubeyr, Muharib ibn Disər və digər şəxslər rəvayət edib demişlər: Biz İbn Ömərin təkbir və ruküdən qalxdığı zaman əllərini qaldırdığını gördük. Əbu Bəkr isə öncələr Huseyndən, o da İbrahimdən, o da ibn Məsuddan mürsəl və məuquf olaraq belə rəvayət edərdi: “İbn Məsud namaza girdiyi zaman əllərini qaldırar sonra isə bunu etməzdi. Əbu Bəkr ibn Ayyəşdən hifz olunan budur. Birinci rəvayət isə, İbn Ömərin əshabından olan etibarlı ravilərin sözünə müxalif olduğu üçün açıq-aydın xətadır.
Hakim demişdir: “Əbu Bəkr ibn Ayyəş möhkəm hafizlərdən idi. Daha sonra halı dəyişdi və hazifəsi pisləşdi və ardından müxalif olan şeylər rəvayət etdi. Bu kimi zəif hədis ilə İbn Ömərin hədisinin nəsx olunduğunu iddia etmək nə dərəcədə doğrudur?!
Hafiz ibn Həcər “fəthul bəri” əsərində demişdir: “Hənəfilər Mucahidin rəvayətinə etimad etmişlər. Orada gəlir ki, Mucahid İbn Ömərin arxasında namaz qıldı və bunu etdiyini (yəni birinci təkbirdən sonra əlləri qaldırdığını) görmədi. Buna isnadın etibarsız olması ilə cavab vermişlər. Çünki Əbu Bəkr ibn Əyyaşın hafizəsi axırlarda pisləşmişdi. Fərz etsək ki, hədis səhihdir, deyiləcək ki, Səlim, Nəfi` və digər şəxslər (İbn Ömərin birinci təkbirdən başqa yerlərdə də əllərini qaldırdığını) vurğulamışlar. Çoxluğun sözü isə bir nəfərin sözündən öndədir. Ələxsus da, onlar bunu isbat edir o isə inkar edir. Halbuki iki rəvayəti cəm etmək mümkündür. Yəni İbn Ömər onu vacib görmürdü. Buna görə bəzən edir bəzən isə tərk edirdi. (Bax: Tuhfətul əhvəzi şərh sunəni-t-tirmizi: Kitəbu-s-saləh:2/ 257-ci hədis)
Üstəlik İbn Ömərin köləsi Nəfi` rəvayət edir ki, İbn Ömər hər hansı bir insanın ruküyə getdiyi və ruküdən qalxdığı zaman əllərini qaldırmadığını gördükdə onu xırda daşlarla daşlayardı. Bunu Humeydi rəvayət etmişdir.
Buxari (rahiməhullah) dedi: “Əbu Bəkr ibn Ayyəşdən, Huseyndən, Muhcahiddən rəvayət edilir ki, o İbn Ömərin əlləri yalnız birinci təkbir zamanı qaldırdığını görmüşdür. Elm əhli isə rəvayət etmişlər ki, İbn Ömərdən bu hərəkət sabit deyil. Ola bilsin ki, insan namazda hər hansı bir şeydən sonra bir şeydə səhv etdiyi kimi İbn Ömər də səhv etmişdir. Buna misal İbn Ömərin namazda qiraəti unutmasıdır. Habelə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri bəzən səhv edib ikinci və üçüncü rükətdə salam verərdilər. Məgər görmürsən ki, İbn Ömər namazda əllərini qaldırmayan şəxsə xırda daşlar atardı?! Necə ola bilər ki, İbn Ömər Peyğəmbərin bunu etdiyini gördüyü bir halda, adamlara bir şeyi əmr etsin özü isə onu tərk etsin?!” (Qurratul aynəyn biraf`il yədeyn fi-s-saləh:18-ci səh)
Altıncı rəvayət: Əsvad rəvayət edib demişdir: Mən Ömər ibn Xattabı (radıyəllahu anhu) birinci təkbirdə əllərini qaldırdığını daha sonra buna qayıtmadığını gördüm.” (İbn Əbi Şeybə, əl-Musannəf:1/267) Habelə Tahavi “Şərhu məanil əsər” kitabında bunu rəvayət etmişdir.
Hafiz ibn Həcər “əd-Dirayə” də demişdir: Beyhaqi Hakimdən nəql edib demişdir: Xəbəri Həsən ibn Ayyəş Abdul-Məlik ibn Əbcardan, o da Zubeyr ibn Adiydən bu ləfzlə rəvayət etmişdir “birinci təkbirdə əllərini qaldırar daha sonra buna qayıtmazdı”. Habelə Səuri həmin xəbəri Zubeyr ibn Adiydən bu ləfzlə rəvayət etmişdir “təkbir zamanı əllərini qaldırardı.” Həmin rəvayətdə “daha sonra buna qayıtmazdı” sözləri yoxdur. Bunu Səuri rəvayət etmişdir. Hifz olunan rəvayət də, budur.” Daha sonra Hafiz İbn Həcər bu əlavənin “sonra buna qayıtmadı” sabit olmadığını vurğuladı.”
Habelə Hakim və Beyhaqi Tavusdan, o da İbn Ömərdən o da atası Ömərdən rəvayət edir ki, o ruküyə gedəndə və ruküdən qalxanda əllərini qaldırardı. Hafiz ibn Həcər “əd-Dirayə” kitabında dedi: Onun (yəni Həsən ibn Ayyəşin) rəvayətinə Tavusun rəvayəti zidd gəlir. Zeyləi demişdir: “Hakim bu rəvayətin şəzz və dəlil olaraq yaramaz olduğunu, habelə onun Tavus ibn Keysəndən, onun da İbn Ömərdən, Ömərin ruküda və ruküdən qalxdıqda əlləri qaldırması barədə gələn səhih xəbərlərlə bərabər tutulmayacağını bildirdi.” (Bax: Tuhfətul əhvəzi şərh sunəni-t-tirmizi:2/92-93)
Yeddinci rəvayət: İbn Abbas demişdir: “Allahın Elçisi (salləllahu aleyhi və səlləm) ruküyə getdikdə və ruküdən qalxanda əllərini qaldırardı. Son olaraq namaza girəndə bunu edir və digər yerlərdə bunu tərk edirdi.” Habelə İbn Zubeyr bir adamın ruküdən qalxandan sonra əllərini qaldırdığını görəndə belə demişdir: “Etmə! Peyğəmbər bu şeyi etmiş daha sonra onu tərk etmişdir.”
İbn Cəuzi “ət-Təhqiq” kitabında demişdir: “Hənəfilər iddia etmişlər ki, (birinci təkbirdən savayı) əlləri qaldırmaq (yuxarıda keçən) iki hədis ilə nəsx edilmişdir. Əslində bu hədislər heç Peyğəmbərə (qaldırılmır) nisbət edilmir. İbn Abbas və İbn Zubeyrdən məşhur olan bunun tam əksidir. Belə ki, Əbu Davud Meymun əl-Məkkidən təxric etmişdir ki, o İbn Zubeyrin qiyamda durduğu, ruküyə getdiyi, səcdəyə getdiyi zaman əlləri ilə işarə etdiyini görmüşdür. Dedi: İbn Abbasın yanına getdim və bunu ona xəbər verdim. O isə belə dedi: Əgər sən Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) namazına baxmaq istəyirsənsə Abdullah ibn Zubeyrin namazını özünə örnək tut! Həttə əgər bu rəvayətlər səhih olsaydı belə nəsx olma iddiası səhih olmayacaqdı. Çünki nəsx edənin şərti nəsx ediləndən daha güclü olmasıdır.” (Bax: Nasbu-r-rayə fi təxrici əhadisil hidəyə:1/522)
Habelə ibn Abbasın və ibn Zubeyrin ruküyə gedəndə və ruküdən qalxanda əlləri qaldırmalarını isbat edən bir sıra digər rəvayətlər vardır və həmin rəvayətlər İbn Cəuzinin gətirdiyi rəvayətdən daha səhihdir. Bir sözlə mühəddislər Hənəfilərin iddia etdiyi kimi təkbirdən savayı yerlərdə əlləri qaldırmaq barədə gələn hədislərin nəsx edildiyini rədd etmiş və rəy əhlinin gətirdiyi dəlillərin ya zəif, ya şəzz yaxud uydurma olduğunu qeyd etmişlər. Beyhaqi “əl-Xiləfiyyət”, İbn Cəuzi “ət-Təhqiq”, İbn Həcər “əd-Dirayə”, Zeyləi “Nasbu-r-rayə” və digər tədqiqçilər bu hədislərin təxrici ilə məşğul olmuşlar.
İkinci görüş: Sələfin məzhəbi məhz bu görüşdür. Səhabələr, tabiinlər və din imamlarının cumhuru bu əməl üzərə olmuşlar.
İbn əl-Munzir demişdir: “Elm əhlindən bildiyimiz bütün insanlar icma etmişlər ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaza başladığı zaman əlləri qaldırardı. İnsan namaza başlayacağı zaman əllərini qaldırması sünnədir. Lakin ruküyə getdiyi və ruküdən qalxdığı zaman əlləri qaldırması barədə ixtilaf etmişlər. Bir qism insanlar demişlər: Namaz qılan şəxs ruküyə getdiyi və başını ruküdən qaldırdığı zaman əlləri qaldırır. Bu görüş bir toplum səhabələrdən, tabiinlərdən və onlardan sonra gələnlərdən rəvayət edilir. Habelə bizə İbn Ömərdən, İbn Abbasdan, Əbu Səid əl-Xudridən, İbn Zubyerdən və Ənəsdən bu cür rəvayət edilmişdir. Habelə Həsən əl-Bəsri demişdir: Peyğəmbərin (salləlləhu aleyhi və səlləm) səhabələri təkbir gətirdikləri, rukü etdikləri və başlarını ruküdən qaldırdıqları zaman yelpik kimi əllərini qaldırardılar.
Əuzai (rahiməhullah) demişdir: Hicaz, Şam və Bəsrə alimləri icma etmişlər ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaza başlamaq üçün təkbir gətirdiyi zaman əllərini çiyinlər səviyyəsinə qaldırar, habelə rukü üçün təkbir etdiyi və başını ruküdən qaldırdığı zaman əllərini çiyinlər səviyyəsinə qaldırardı.”
İbn əl-Munzir dedi: Bu görüşün sahibləri: Leys ibn Sa`d, Əhməd, İshaq, Əbu Səurdur. Habelə ibn Vahb bunu Malikdən hekayət etmişdir.
Bir qism insanlar isə demişlər: Namaza başladığı zaman əllərini qaldırır və digər yerlərdə əlləri qaldırmır. Bu isə Sufyən əs-Səurinin və Rəy əhlinin məzhəbidir. “ (əl-İşraf alə məzəhibil uləmə:2/27-28)
İbn Abdul-Bərr demişdir: “Əuzai, Sufyən ibn Uyeynə, Şafii, habelə hədis əhlindən bir camaat bunu (əlləri üç yerdə qaldırmağı) demişlər. Habelə Əhməd ibn Hənbəl, Əbu Ubeyd, İshaq ibn Rahuyə, Əbu Səur, İbn Mubarək, Əbu Cəfər Muhamməd ibn Cərir ət-Tabəri bunu demişlər.” (ət-Təmhid:9/213)
İmam Malikdən hər üç yerdə əlləri qaldırmağın icazəli olması rəvayət edilir. Habelə ondan yalnız ehram təkbiri zamanı əllərin qalxacağı rəvayət edilir.” (ən-Nəvadir va-z-ziyədət:1/179, əl-Bəyən va-t-təhsil:1/374) İbn Rəcəb demişdir: Malikin əksər əshabı rəvayət edirlər ki, Malik buna əməl edərdi (yəni əlləri üç yerdə qaldırardı). Bunu rəvayət edənlər: İbn Vahb, Əbu Musab, Əşhab, Valid ibn Muslim, Səid ibn Əbu Məryəm.” (Fəthul bəri:4/305)
Bu görüş sahiblərinin dəlilləri:
Birinci rəvayət: İbn Ömər (radıyəllahu anhu) rəvayət edib demişdir: “Peyğəmbəri namaza başladığı zaman əllərini çiyinlərinə qədər qaldırdığını, habelə ruküdən öncə və ruküdan qalxandan sonra əllərini qaldırdığını gördüm. Səcdələr arası isə əllərini qaldırmırdı.” (Muslim:390, Əbu Davud:721, Tirmizi:255, Nəsai:877)
İkinci rəvayət: Malik ibn Huveyris (radıyəllahu anhu) namaz qılanda təkbir gətirər daha sonra əllərini qaldırardı. Ruküyə getmək istədikdə və başını ruküdən qaldırdıqda əllərini qaldırardı. O xəbər verdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu cür edərdi.” (Muslim:391, Əbu Davud:745, Nəsai:880)
Üçüncü rəvayət: Vail ibn Hucr (radıyəllahu anhu) rəvayət edir ki, o Peyğəmbərin (salləllahu aleyhi və səlləm) namaza girdiyi zaman əllərini qaldırdığını, sonra sağ əli sol əlin üzərinə qoyduğunu görmüşdür. Peyğəmbər ruküyə getmək istədikdə əllərini paltarından çıxarar sonra qaldırardı. Sonra təkbir gətirib ruküyə gedərdi. O “səmiallahu limən həmidəh” dedikdə əllərini qaldırardı. Səcdəyə getdiyi zaman isə iki biləyi arasına səcdə edərdi.” (Muslim:401, Əhməd:4/317, Əbu Davud:726, Darimi:1/362, İbn Xuzeymə:1/345346, İbn Cərud:1/191)
Üçüncü görüş: Əllər dörd yerdə qaldırılır. Ehram təkbirində, ruküyə gedəndə, ruküdən qalxanda və birinci təşəhhüddən qalxandan sonra qaldırılır. Bu isə, Buxarinin və bəzi digər alimlərin görüşüdür. Habelə Şafiinin məzhəbində birinci təşəhhüddən üçüncü rükətə qalxanda təkbir zamanı əlləri qaldırmaq məndub (bəyənilən) əməldir. Habelə bu, imam Əhməddən gələn bir görüşdür.
Nəvəvi demişdir: Bu, Buxarinin və digər mühəddislərin məzhəbidir. Habelə bizim əshabımızdan ibn Munzir, Əbu Əli ət-Tabəri, Əbu Bəkr əl-Beyhaqi bu görüşü demişlər. Onların dediyi doğru görüşdür.” (əl-Məcmu`:3/425,426)
Bu görüş sahiblərinin dəlilləri:
Birinci rəvayət: Nəfi` rəvayət edir ki, İbn Ömər (radıyəllahu anhu) namaza girdikdə təkbir gətirib əllərini qaldırardı. Ruküyə getdikdə və “səmiallahu limən həmidəh” dedikdə əllərini qaldırardı. İki rükət qılıb qalxandan sonra da əllərini qaldırardı. İbn Ömər bunu Peyğəmbərə (salləllahu aleyhi və səlləm) qaldırmışdı.” (Buxari:739) 
Lakin alimlər bu rəvayətin Peyğəmbərə qaldırılması məsələsində ixtilaf etmişlər. Əksər ravilər bu əlavənin “İki rükət qılıb qalxandan sonra da əllərini qaldırardı” məuquf (yəni səhabənin əməli) olduğunu demişlər.
İbn Rəcəb (rahiməhullah) demişdir: “İnsanlar onu Ubeydullah adlı ravidən məuquf olaraq rəvayət etmişlər. Onlar: Abdul-Vahhəb əs-Səqafi və Muhamməd ibn Bişrdir. Lakin Muhamməd həmin rəvayətdə ik rükətdən qalxdıqda əlləri qaldırmasını qeyd etməmişdir. Habelə Nəfi`in əshabı bu rəvayəti ondan məuquf olaraq rəvayət etmişlər.
Habelə ibn Rəcəb demişdir: “Əksər alimlər Nəfi`in İbn Ömərdən rəvayətini mərfu rəvayət olmaqdansa məuquf olaraq daha səhih olduğunu demişlər. Bunların heç biri öz rəvayətlərində ikinci rükətdən qalxmağı qeyd etməmişlər.” (Fəthul bəri,:4/318)
İkinci rəvayət: İbn Ömər rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaza girdiyi, habelə ruküyə getmək istədiyi və ruküdan qalxdıği zaman əlləri qaldırardı. Habelə iki rükətdən qalxdıqda əllərini çiyinlərinə qədər qaldırardı.” (Nəsai:1182. İbn Xuzeymə:1/344)
Bir sıra tədqiqçi alimlər sonuncu əlavənin sabit olması məsələsində ixtilaf etmişlər. Mizzi demişdir: Nəsai dedi: “iki rükətdən qalxdıqda…”. Ravilər Zuhridən bu əlavəni qeyd etməmişlər. Ubeydullah isə etibarlı ravidir. Ola bilsin ki, xətanı qeyrisi etmişdir. (Tuhfətul əşraf:5/381)
Üçüncü rəvayət: Vail ibn Hucr rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) başını səcdədən qaldırdığı zaman əllərini qaldırdı. (Əbu Davud:723)
Lakin alimlər bu əlavə barədə ixtilaf etmişlər; “başını səcdədən qaldırdığı zaman əllərini qaldırdı”. Bir sıra tədqiqçi alimlər onun sabit olmadığını söyləmişlər.
Əbu Davud hədisi təxric etdikdən sonra dedi: “Huməm bu hədsi İbn Cuhədədən rəvayət etmiş lakin səcdədən qalxdığı zaman əlləri qaldırdığını qeyd etməmişdir.
Əsram demişdir: Əbu Abdullaha (Əhməd ibn Hənbələ) deyildi: “Səndəmi iki rükətdən sonra qalxanda əlləri qaldırmaq görüşündəsən? O dedi: Xeyr! Mən Səlimin, atasından rəvayət etdiyi hədisi götürür Vail ibn Hucrun hədisini isə götürmürəm. Çünki onun ləfzləri ixtilaf doğurmuşdur.” (ət-Təmhid:9/224)
Dördüncü rəvayət: Əli İbn Əbu Talib (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) fərz namazına duranda təkbir gətirər və əllərini çiyinlərinə qədər qaldırardı. Qiraəti bitirəndə və ruküyə getmək istədikdə bu cür edərdi. Habelə başını ruküdən qaldırandan sonra belə edərdi. Namazda oturaq halda olduğu heç bir yerdə əllərini qaldırmazdı. İki səcdədən qalxandan sonra isə əlləri qaldırıb təkbir gətirərdi.” (Əhməd:1/93, Buxari “əl-Ədəbul mufrad:22-ci səh”, Əbu Davud:744, Tirmizi:3423)
Bir sıra ravilər bu hədisi Abdullah ibn Fədl adlı ravidən rəvayət etmişlər lakin həmin yerdə əlləri qaldırdığını qeyd etməmişlər.
Əbu Davud demişdir: İki rükətdən sonra qalxdıqda insanın əllərini qaldırması barədə Əhmədə sual verildiyi zaman onun belə dediyini eşitdim: Mən əllərimi qaldırmıram. Ona deyildi: İki səcdə arasında əllərimi qaldırımmı? Əhməd: Xeyr!-dedi.” (Məsəil iməm əhməd:51-ci səh)
Dördüncü görüş: Hər təkbir zamanı əllər qaldırılır. Bu görüşü əsasən müasirlərdən şeyx Albani demişdir.
Bu görüş sahiblərinin dəlili: Əhməd və Nəsai təxric etmişlər ki, Malik ibn Huveyris (radıyəllahu anhu) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) namazda ruküyə getdikdə, başını ruküdən qaldırdıqda, səcdəyə getdikdə və başını səcdədən qaldırdıqda əllərini qulaqlarına qədər qaldırdığını görmüşdü.” Şeyx Albani dedi: Hədisin isnadı Muslimin şərtlərinə əsasən səhihdir. Habelə şeyx Albani buna bənzər bir sıra digər rəvayətləri səhih saymışdır. Lakin qədim mühəddislər şeyxin səhih saydığı həmin hədislərin çoxunu zəif saymışlar. (Bax: Fəthul bəri, libni rəcəb:6/354)
İbn əl-Qayyim (rahiməhullah) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səcdəsi barədə söhbətində demişdir: “Daha sonra təkbir gətirib səcdəyə gedər və əllərini qaldırmazdı. Rəvayət edilir ki, o həmin yerdə də əllərini qaldırardı. Bunu Əbu Muhamməd ibn Hazm (rahiməhullah) kimi bəzi hafizlər səhih saymışlar. Lakin bu, xətadır. Peyğəmbərdən bu əməl qətiyyən sabit deyil. Onu yanlışlığa salan amil odur ki, ravi səhvən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hər əyildiyi və qalxdığı zaman təkbir gətirməsi əvəzinə hər əyildiyi və qalxdığı zaman əllərini qaldırardı demişdir. Həmin ravi etibarlıdır. Lakin o, ravinin səhvi və yanlışlığı səbəbilə bunu diqqətindən qaçırmış və rəvayəti səhih saymışdır.” (Zədul məad:1/215)
Araşdırmanın yekunu: Ən səhih görüş əlləri üç yerdə qaldırmaqdır. Ehram təkbiri, ruküyə getdiyi və ruküdən qalxdığı zaman qaldırmaqdır. Çünki bu həm dəlil həm də əməl baxımından ən möhkəm görüşdür. Bu görüşün dəlilləri səhih və sabitdir. Habelə səhabələr, tabiinlər, fəqihlər və mühəddislər məhz bu hədislərə əməl etmişlər.

Əlləri dörd yerdə (qeyd olunan üç yerdə və birinci təşəhhüddən qalxanda) qaldırmaq barədə gələn rəvayətlərin müəyyən qədər tənqidə məruz qalmasına rəğmən qeyd olunan görüşdən sonra ən səhih görüş namazda əlləri dörd yerdə qaldırmaqdır. Bu görüşləri və dəlilləri qısa müddət ərzində topladığım üçün orada yanlış məqamların olması müstəsna deyil. Müvəffəq edən Uca Allahdır. Ən doğrusunu Uca Allah bilir

Yazar:  Emil Cəfərli