Həm quruda həm də suda yaşayan heyvana “bərmaiyy” deyilir. Bəzi qardaşlar düşünürlər ki, həm quruda həm də suda yaşayan heyvanları birmənalı olaraq yemək haramdır və bu məsələdə heç bir ixtilaf yoxdur. Əslində isə məsələ bir qədər fərqlidir. Alimlər həm quruda həm də suda yaşayan heyvanlar barədə ixtilaf etmişlər.

Alimlərin bir qismi bu cür heyvanları yeməyin icazəli olmasını demişlər. Bir qism 
alimlər isə bu cür heyvanları qurbağaya qiyas edərək onu yeməyin yasaq olmasını demişlər. Çünki hədisdə qurbağanı öldürmək barədə qadağa gəlmişdir. Üsul qaydasına əsasən, əgər bir şeyi qətlə yetirmək qadağan edilibsə onu yemək də icazəli deyil. Digərləri isə başqa səbəblərə görə onu haram saymışlar.
Bir sözlə fəqihlər, həm quruda həm də suda hərəkət edən və yaşayan heyvanlar barədə ixtilaf etmişlər. Bu heyvanları yemək halaldırmı? Habelə ona dəniz heyvanlarının hökmü verilirmi? Habelə əgər onu yemək olarsa onu şər`i qaydada kəsmədən yemək mübahdır, yoxsa həmin heyvanlar quruda yaşayan heyvanlar hökmündədir və onları yalnız kəsəndən sonra yemək olar?
Dörd məzhəb bu məsələdə fərqli görüşlərə malikdir.
Hənəfilərə görə həm quruda həm də suda yaşayan heyvanı yemək haramdır. Əslində Hənəfilər balıqdan başqa suda yaşayan digər canlıları yeməyin belə halal olmadığını demişlər. İlan balığı barədə isə ixtilaf etmişlər.
Malikilərə görə isə bərmaiyy heyvanları yemək halaldır. Ancaq ehtiyat yönündən onu quruda yaşayan heyvanlar qisminə daxil etmişlər. Buna əsasən də, onlara görə həm quruda həm də suda yaşayan heyvanı yemək üçün onu şər`i qaydada kəsmək lazımdır. Habelə pak olması məsələsində onu suda yaşayan canlılar hökmündə etmişlər. Buna əsasən həmin heyvan uzun müddət quruda qalsa da, onlara görə o pakdır.
Şafiilərdə məşhur görüşə əsasən, əgər bu növ heyvanın quruda yaşayan və yeyilən bənzəri yoxdursa bu halda bərmaiyy heyvanı yemək haramdır. Onlar həmin növ heyvanları çirkin olması səbəbilə “istixbəs” haram saymışlar və bu növ heyvanlara qurbağa, xərçəng, ilan, tısbağa və digər heyvanları misal gətirmişlər. Lakin Nəvəvi “əl-Məcmu`” əsərində səhih saydığı görüşdə qeyd etmişdir ki, qurbağa istisna olmaqla dənizdə yaşayan hər bir məxluq, quruda yaşaması mümkün olsa belə, onun ölüsünü də yemək halaldır.
Hənbəlilərə görə axar qanı olan bərmaiyy heyvanı yalnız kəsiləcəyi zaman yemək halaldır. Buna əsasən də, xərcəng kimi canlını kəsmədən yemək halaldır. Ancaq İbn Muflih “Şərhul muqni`”9/214” kitabında məzhəbdə səhih görüşü qeyd edib xərçəngin yalnız kəsiləndən sonra halal olacağını demişdir. Hər bir halda bu növ heyvanı kəsməyin vacibliyi və onun quruda yaşayan heyvanlara aid edilməsi məsələsində Hənbəlilərin məzhəbi Malikilərin məzhəbinə yaxındır. Hənbəlilərə görə qurbağa, ilan və timsah istisna olmaqla bərmaiyy heyvanı yemək halaldır. Lakin qeyd edildiyi kimi o şərtlə ki, onu şər`i qaydada kəsmək lazımdır.
Habelə bir sıra fəqihlər demişlər ki, əgər heyvan əsasən suda yaşayırsa ona su heyvanının hökmü verilir. Əgər həmin heyvan əsasən quruda yaşayırsa ona quruda yaşayan heyvanın hökmü verilir. Bir qism alimlər isə demişlər: Əgər həmin heyvan suda yumurta qoyursa və balalayırsa bu zaman ona suda yaşayan heyvanların hökmü verilir və onun ölüsünü yemək halaldır. Ancaq əgər o quruda balalayırsa ona quruda ovlanan heyvanların hökmü verilir və onun ölüsünü yemək haramdır və onu yalnız şər`i qaydada kəsəndən sonra yemək olar. Çünki törəmə amili əsas olaraq götürülür.
İbn Qudamə (rahiməhullah) demişdir: “Quruda yaşayan dəniz heyvanlarından hər biri yalnız şər`i qaydada kəsiləcəyi zaman halal olur. Məsələn su quşu, tısbağa, suiti. Xərçəng kimi qanı olmayanlar isə müstəsnadır. O kəsilməsə də mübahdır. Əhməd demişdir: “Xərçəngi yemək qəbahətsizdir. Ona deyildi: Kəsilməlidirmi? O dedi: Xeyr!” Çünki heyvanı kəsməkdə məqsəd, yalnız onun qanını çıxartmaq və onu çıxartmaqla əti təravətli etməkdir. Qanı olmayan heyvanı kəsməyə isə ehtiyac yoxdur. Digər qeyd etdiklərimizi isə yalnız kəsiləcəyi zaman yemək halaldır. Əhməd dedi: “Suiti kəsilməlidir. Habelə tısbağa kəsilsə bunda heç bir qəbahət görməyəcəm. Nəhəng tısbağa (raqq) isə kəsilməlidir.”
Bəziləri isə demişlər: Kəsilməsə belə onu yemək halaldır. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) dəniz barədə demişdir: “Onun suyu təmiz və ölüsü halaldır.” Habelə o dəniz heyvanı növündəndir və onu kəsmədən yemək icazəlidir. Lakin bizə görə o quruda yaşayan heyvandır və onun axar qanı vardır. Buna görə kəsilməsə onu yemək mübah deyil. Məsələn quşlar. Bildiyimizə görə quşlara dair heç bir ixtilaf yoxdur. Xəbərlər isə yalnız balıq və ona bənzər dənizdə yaşayan digər canlılara aid edilir. Çünki onu şər`i qaydada kəsmək mümkün deyil. Habelə onu yalnız sudan çıxartdıqdan sonra doğrayırlar. O sudan çıxarıldıqda isə ölür.” (əl-Muğni:13/344-345)
Bəzi bərmaiyy heyvanların hökmü:
1) Timsah. Çümhur alimlər timsah ətinin haram olmasını demişlər. Malikilər isə onu icazəli etmişlər. Habelə onun halal olması barədə imam Əhməddən bir rəvayət vardır. Onu haram sayan alimlərin dəlili: Çünki o da yeyilməsi qadağan edilən köpək dişinə malik yırtıcı heyvandır. Onun halal olduğunu deyənlərin dəlili: Uca Allahın ümumi sözləridir: “Sizə dəniz ovu və ölüsü halal edilmişdir.” Habelə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Dənizin suyu təmiz və ölüsü halaldır.” Habelə müasir alimlərdən şeyx İbn Useymin (rahiməhullah) “Şərhul mumti`” kitabında onun suda yaşayan heyvan olmasına görə halal olduğunu demişdir. Suda yaşayan yırtıcı heyvan isə quruda yaşayan yırtıcı heyvandan fərqli hökmə malikdir. Çünki köpək balığı (akula) yırtıcı balıq olmasına rəğmən halaldır. Şeyxə görə timsah da bu növdəndir.”
2) Tısbağa. Hənbəlilərə və Malikilərə görə tısbağa əti halaldır. Lakin tısbağa bərmaiyy heyvan olduğu, habelə axar qana sahib olduğu və yumurtasını quruda qoyduğu üçün onu kəsmək lazımdır.
3) Suiti. Cumhur alimlərə görə suiti heyvanını yemək halaldır. Ancaq Hənbəlilərin qeyd etdiyi kimi onu kəsmək gərəkdir.
4) Qurbağa. Alimlər qurbağa ətinin halal olub olmaması məsələsində ixtilaf etmişlər. Malikilər və onlara müvafiq olan alimlər onun ətini halal görmüşlər. Hənbəlilər və onlara müvafiq olan alimlər isə onun haram olduğunu demişlər. Onu halal görənlər qurbağanı qətlə yetirməyin yasaq olduğunu ifadə edən hədisin zəif olmasını demişlər və qurbağanın əslinin halal olduğunu qeyd etmişlər.

5) Xərçəng. Hənbəlilər və Malikilər xərçəngin halal olduğunu demişlər. Habelə onlar onun ölüsünün halal olmasını demişlər. Çünki xərçəngin axar qanı yoxdur. Lakin İbn Muflih əl-Hənbəli qeyd etmişdir ki, səhih görüşə əsasən onu kəsmək lazımdır. Onu kəsmək deyildikdə onun hər hansı bir yerini kəsməklə onu öldürmək qəsd edili

Yazar:   Emil Cəfərli