Birinci məsələ: İnsan cümə gününün səhəri cünublu sabahlayır və həm cənabət həm də cümə üçün niyyət edib bir qüsul alır.
Bunun hökmü: Alimlərin
cumhuruna görə yaxud dörd məzhəb alimlərinə görə həmin qüsul keçərli sayılır.
Bu məsələdə zahirilər və Xorasan şafiiləri müxalif olmuşlar.
Nəvəvi “əl-Məcmu:4/408”
demişdir: “İbn əl-Munzir dedi: Əksər alimlər deyirlər: Bir qüsul cənabət və
cümə üçün keçərlidir. Bunu İbn Ömər, Mucahid, Məkhul, Malik, Səuri, Əuzai,
Şafii və Əbu Səur demişlər. Əhməd dedi: Onun keçərli olduğuna ümid edirəm.
Səhabə Əbu Qatədə isə cənabət üçün qüsul alan adama belə demişdir: Cümə üçün də
qüsul al! Habelə bəzi Zahirilər demişlər: Keçərli deyil.”
Bu görüşü seçən fəqihlərin
dəlili:
إِنَّمَا الأَعْمَالُ
بِالنِّيَّةِ، وَإِنَّمَا لِامْرِئٍ مَا نَوَى
Ömər İbn Xattab
(radıyəlllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm)
demişdir: “Əməllər yalnız niyyətə görədir. İnsan isə yalnız niyyət etdiyi şeyi
əldə edir.” (Buxari və Muslim)
من غسّل واغتسل ثم غدا
وابتكر فجلس من الإمام قريباً فاستمع وأنصت كان له بكل خطوة أجر سنة صيامها
وقيامها
Əus ibn Əus əs-Səqafi
(radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm)
demişdir: “Kim qüsl aldırsa və qüsl alsa, daha sonra tezdən gedib imama yaxın
əyləşsə və susub (xütbəni) sakitcə dinləsə, atdığı hər addımı üçün orucu və
qiyamı ilə birgə bir ilin əcrini qazanar.” (Hədisi Tirmizi, İbn Macə, Nəsai və
digər mühəddislər rəvayət etmişlər. Tirmizi hədisi həsən Hakim isə hədisi səhih
saymışlar)
İbn Qudamə “əl-Muğni:2/257”
demişdir: “Hədisdə keçən: “Ğassələ və-ğtəsələ” sözləri (qüsul aldırsa və qüsul
alsa), yəni cinsi əlaqədə olub qüsul alsa.”
Salih ibn Useymin
“əl-fətəva:16/138” demişdir: “Hədisdə gələn “Ğassələ və-ğtəsələ” sözləri. Bəzi
alimlər demişlər: Cinsiyyət orqanını yuyar və bədənini təmizləyərsə, yəni məlum
olan cənabət qüsulunu alarsa. Bəzi alimlər isə demişlər: Yəni kim zövcəsi ilə
cinsi əlaqədə olsa. Çünki kişinin qadını ilə cinsi əlaqədə olması qadının da
qüsul almasını tələb edir. Bu da bir qüsulun kifayət etdiyinə dəlalət edir.”
Məzhəblərin görüşləri.
Hənəfilərin məzhəbi:
Hənəfilərə görə qüsul
ibadətə vəsilə olan bir şeydir. Yəni namaz üçün təmizlənmədir və xalis ibadət
deyil. Buna görə də, onlar qüsul üçün niyyəti şərt qoymurlar. Onlara görə əgər
biri, məsələn sərinlənmək üçün qüsul alsa onun qüsulu cənabət, cümə və bayram
üçün keçərli olacaq. Ancaq müəyyən ibadət üçün niyyət etmədiyinə görə əcr
qazanmayacaq. Bir sözlə, Hənəfilərə görə əgər biri cənabət və cümədən ötrü bir
qüsul alsa, onun qüsulu keçərli olacaq.
Malikilərin məzhəbi:
Muhamməd ibn Əhməd ibn
Cuzəy “əl-Qavaninul fiqhiyyə:1/94” demişdir: “Cənabət və cümədən ötrü bir qüsul
alsa, bunun bir necə forması olacaq: Birinci: Cənabəti və ardınca cüməni niyyət
etməsidir. Yekdilliklə ikisi üçün də keçərlidir.”
Habib ibn Tahir “əl-Fiqhul
məlikiyyu va ədillətuhu:1/120” demişdir: “Əgər biri cənabətli olsa və cənabəti
aradan qaldırmaq və cümə yaxud bayram qüsulu almaq niyyəti ilə qüsul alsa hər
ikisi hasil olacaq.”
Şafiilərin məzhəbi:
Nəvəvi “əl-Məcmu:1/368”
demişdir: “Əgər insan aldığı qüsul ilə cənabət və cümə qüsulunu niyyətində
tutsa hər ikisi hasil olacaq. Səhih olan budur.”
Əbul Həsən Əli ibn Muhamməd
əl-Məvardi “əl-Havi əl-Kəbir:1/376” demişdir: “Şafii (radıyəllahu anhu) dedi:
Əgər cunub olsa, daha sonra hər ikisi üçün qüsul alsa keçərli olacaq.
Məvardi dedi: Bunun
forması: Bir adam cümə günü cünublu sabahlayır. Ona iki qüsul almaq lazımdır:
Cənabətdən olan vacib qüsul və cümə günü üçün sünnət qüsul. Əgər ikisi üçün iki
qüsul alsa daha fəzilətli olacaq və ilk olaraq cənabət qüsulunu önə çəkəcək.
Lakin əgər ikisi üçün bir qüsul asla və hər ikisini niyyət etsə (hər ikisi
üçün) keçərli olacaq.”
Hənbəlilərin məzhəbi:
İbn Qudamə “əl-Muğni:2/257”
demişdir: “Əgər cümə və cənabətdən ötrü bir qüsul alsa və hər ikisini niyyət
etsə keçərli olacaq. Biz bu məsələdə ixtilafın olduğunu bilmirik.”
İbn Rəcəb “Fəthul
bəri:8/91” demişdir: “Ancaq əgər qüsulda hər ikisini niyyət etsə, bu halda
ixtilafsız onun üçün cənabətdən təmizlik və cümə qüslunun sünnəti hasil
olacaq.”
Şeyx Abdul-Əziz İbn Bəzə
sual verilmişdir: Cənabət qüsulu cümə qüsulunu keçərli edirmi?
Cavab: Qüsulu (cümə
gününün) səhəri alsa kifayət edəcək. Onun hər ikisini niyyət etməsi daha
fəzilətlidir. İnsan həm cümə həm də cənabət qüslunu niyyət edir və bununla cümə
qüslunun fəzilətini əldə etmiş olur inşallah.” (Məcmu fətəva ibn bəz:12/406)
Şeyx Salih ibn Useyminə
“Məcmu fətəva ibn useymin:16/137” sual verilmişdir: Cümə qüsulu ilə cənabət
qüslunu birləşdirməyin hökmü nədir?
Cavab: Bu cür etməkdə heç
bir qəbahət yoxdur. İnsan cünub olduğu, daha sonra qüsul alıb bununla
cənabətdən təmizlənməyi və cümə üçün qüsul almağı niyyət edəcəyi zaman bu işdə
heç bir problem olmayacaq. Eynilə əgər insan məscidə daxil olub iki rükət qılsa
və bununla ratibə və təhiyyət namazını niyyət etsə heç bir qəbahət olmayacaq.”
İkinci məsələ: İnsan
cümənin səhəri cünublu sabahlayır və yalnız cənabəti qaldırmaq üçün niyyət edib
qüsul alır.
Bu halda insan ya cümə
qüsulu üçün niyyət etməyi unudur yaxud cənabətin cümə qüslunu əvəz etdiyini
niyyət edir.
Bunun hökmü: Alimlər bu
məsələdə ixtilaf etmişlər. Onların əksəri cənabət qüslunun sabit olacağını
demişlər. Lakin cümə qüslunun keçərli olması haqda iki görüş irəli sürmüşlər.
Hənəfilərin qüsul barədə
məzhəbi artıq qeyd edilmişdir.
Bədruddin əl-Ayni əl-Hənəfi
“Umdatul qari:6/177” demişdir: “İnsan istər cümə üçün niyyət etsin yaxud niyyət
etməsin cümə günündə cənabətdən ötrü qüsul almaq cümə qüslunu keçərli edir.”
Malikilərin məzhəbi:
Əksər Malikilərə görə əgər
insan cümə günü cənabət qüsulu aldığı zaman cümə üçün niyyət etməyi unutsa
yaxud cənabət qüslunun cümə qüslunu əvəz etdiyini niyyətində tutsa, aldığı
qüsul hər ikisi üçün keçərli olacaq. (Bax: əl-Qavanin əl-Fiqhiyyə:1/94, kitabın
ağ kənarında təhqiqçinin əlavələri. Haşiyətu-d-dusuqi alə-ş-şərhil
kəbir:1/133-134)
Əbul Valid İbn Ruşd
əl-Qurtubi “əl-Bəyən va-t-təhsil:1/59” demişdir: “Onun, səhər vaxtı cənabət
qüslunun cümə qüslunu keçərli etməsini deməsi doğru sözdür. Çünki cümə qüslu
hadəsi aradan qaldırmaq üçün deyil. O yalnız şəriətdə öz təsdiqini tapan
təmizlənmə üçün alınır. Artıq cənabət qüsulu alınmaqla təmizlənmə hasil
olmuşdur.”
Lakin İbn Məcişun və İbn
Abdul-Bərr cənabət niyyəti ilə alınan qüsulun cümə qüslunu keçərli etmədiyini
demişlər.
Qarafi “əz-Zəxira:1/307”
İbn Məcişunun belə dediyini nəql edir: “Cümə qüsulu cənabət qüslunu keçərli
edir, cənabət qüsulu isə cümə qüslunu keçərli etmir.”
İbn Abdul-Bərr
“əl-Kəfi:1/165” demişdir: “Əgər cənabət qüslunda cüməni xatırlamasa cümə üçün
qüsullanmış olmayacaq. Lakin bu onun cümə (ibadətinə) zərər verməyəcək.”
Şafiilərin məzhəbi:
Şafiilərin bu məsələdə iki
görüşü vardır.
Nəvəvi “əl-Məcmu`:4/535”
demişdir: “Əgər cənabət üçün qüsul almağı niyyət etsə, ixtilafsız hasil olacaq.
Cümə qüslunun hasil olması haqda isə iki görüş vardır. “ət-Tənbih”də müəllifə
görə, habelə əksəriyyətə görə ən səhih görüş onun hasil olmamasıdır. Çünki
əməllər niyyətlərə görədir. O isə onu (cümə qüslunu) niyyət etməmişdir.
Bəğaviyə görə ən səhih görüş isə onun hasil olmasıdır.”
Əbul Həsən Əli ibn Muhamməd
əl-Məvardi “əl-Havi əl-Kəbir:1/375” demişdir: “Əgər qüsulda cüməni deyil
cənabəti niyyət etsə, cümə qüsulu boynundan düşəcək. Ancaq cümə qüslunun onun
boynundan düşməsinə dair iki görüş vardır:
Birinci: Muzəni “əl-Cəmiul
kəbir” kitabında rəvayət edir ki, cənabət niyyəti ilə alınan qüsul cümə qüslunu
keçərli edir.
İkinci: Rabi` “əl-İmlə” də
rəvayət edir ki, hər ikisini niyyət etməsə cənabət qüsulu cümə qüslunu keçərli
etmir. Çünki onların səbəbləri müxtəlifdir. Birinci keçmiş səbəbdən ötrüdür,
ikinci isə gələcəkdə olacaq şeydən ötrüdür. Buna görə birinin niyyətinin
digərini keçərli etməsi yasaq edilmişdir.”
Hənbəlilərin məzhəbi:
Hənbəlilərə görə cümə günü
cənabəti qaldırmaq niyyəti ilə qüsul almaq cümə qüslunu keçərli edir. Lakin
insan yalnız niyyət etdiyi qüsulun savabını alır.
Mənsur ibn Yunus əl-Buhuti
“Kəşşəful qinə`:1/90” demişdir: “Əgər vacib qüsulu niyyət etsə sünnət (qüslunu)
da keçərli edəcək.”
Musa ibn Əhməd əl-Həcəvi
“Zədul mustəqni`:29-cü səh” demişdir: “Əgər sünnət qüslunu niyyət etsə vacib
qüsulu da keçərli edəcək. Əksi həmçinin belədir. (yəni vacib qüsul üçün niyyət
sünnət qüslunu da keçərli edir)”
Üçüncü məsələ: İnsan cümə
gününün səhəri cünublu sabahlayır və yalnız cümə üçün niyyət edib qüsul alır.
Bunun hökmü: Alimlər bu məsələdə
bir neçə görüş irəli sürmüşlər.
Hənəfilərin məzhəbi:
Artıq yuxarıda qeyd
edilmişdir ki, hənəfilərə görə insan qüsul üçün niyyət etməsə də onun qüsulu
keçərli olur. Lakin insan niyyət etmədiyi şeydən ötrü savab almır.
İbn Abidin
“əl-Haşiyə:1/232” demişdir: “İnsan yalnız fərzlik qəsdi ilə əməl edəcəyi zaman
fərz ibadətin savabını alır. Məsələn əgər biri cunublu olsa və unutsa, sonra
isə cümə üçün qüsul alsa onun hadəsi dolayı yolla (yəni cümə qüsulu ilə)
qalxmış olur. Lakin niyyət etməyincə cənabət qüsulu kimi fərzin savabını almaz.
Çünki savab yalnız niyyət ilə olur.”
Muhamməd ibn əl-Həsən
Şeybəni “əl-Məbsut:1/18” demişdir: “Məgər görmürsən ki, əgər cünublu şəxs
cənabəti unutduğu halda qüsul alsa və bununla cənabət qüslunu almağı qəsd
etməsə, bu onun cənabət qüslunu keçərli edəcək.”
Malikilərin məzhəbi:
Malikilərə görə insan
cənabətli olduğu halda cümə niyyəti ilə qüsul alsa, cənabət qüslu hasil
olmayacaq.
İmam Malik
“əl-Mudəvvanə:1/137” demişdir: “Əgər biri cünub olsa və cümə üçün qüsul alıb
onunla cənabət qüslunu niyyət etməsə yaxud istidən ötrü çimsə və cənabət
qüslunu niyyət etməsə yaxud hər hansı bir formada qüsullansa və bununla cənabət
qüslunu niyyət etməsə, bu onun cənabət qüslunu keçərli etməyəcək.”
İbn Ruşd əl-Qurtubi
“əl-Bəyən va-t-təhsil:1/58” demişdir: İmam Malikə bir adam barədə sual
vermişlər: Həmin adam gecə pollyusiya olmuş və səhər durub bunu hiss
etməmişdir. Həmin gecə isə cümə gecəsi idi. Nəhayət namazın vaxtı gələndə həmin
adam cümə üçün qüsul alıb namaza yollandı. Daha sonra bunu bilib paltarında
onun izini gördü. İmam Malik dedi: Həmin adamın yenidən qüsl almasını və dörd
rükət zöhr namazını qılmasını hesab edirəm. Ona deyildi: Məgər cümə qüsulu ona
kifayət etmirmi? O dedi: Xeyr! Əməllər yalnız niyyətlərə görədir.”
Şafiilərin məzhəbi:
Şafiilərin məzhəbində,
insan cünublu ikən cümə niyyəti ilə qüsul alsa, cənabət qüslu hasil olmayacaq
və cümə qüslundan savayı onun cənabət qüslunu da alması gərəkdir.
Nəvəvi “əl-Məcmu`:4/406”
demişdir: “Məzhəbə görə əgər cümə qüslunu niyyət etsə, cənabət qüsulu hasil
olmayacaq. Müəllif və cumhur alimlər bunu əminliklə qeyd etmişlər.”
Əbul Həsən Əli ibn Muhamməd
əl-Məvardi “əl-Havi əl-Kəbir:1/376” demişdir: Məsələ: “Şafii (radıyəllahu anhu)
dedi: “Əgər qüsulda cüməni və bayramı niyyət etsə, cənabətdən ötrü niyyət
etməyincə cənabət qüsulu keçərli olmayacaq.”
Əbul Həsən Əli ibn Muhamməd
əl-Məvardi “əl-Havi əl-Kəbir:1/377” demişdir: “Bu, Əbu İshaqın, Əbu Əli ibn Əbu
Hureyranın və cumhur əshabımızın məzhəbidir. Çünki Peyğəmbər (salləllahu aleyhi
və səlləm) demişdir: “İnsan yalnız niyyət etdiyi şeyi əldə edir.”
Hənbəlilərin məzhəbi:
Hənbəli məzhəbinə görə əgər
biri yalnız sünnət qüsulu üçün niyyət etsə, bu, vacib qüsulu da keçərli edəcək.
Musa ibn Əhməd əl-Həcəvi
“Zədul mustəqni`:29-cü səh” demişdir: “Əgər sünnət qüslunu niyyət etsə vacib
qüsulu da keçərli edəcək.”
Mər`i ibn Yusud əl-Kərmi
əl-Hənbəli “Dəlilu-t-talib:60-cı səh” demişdir: “Əgər biri sünnət qüsulu yaxud
vacib qüsulu niyyət etsə, biri digərini keçərli edəcək.”
Lakin bəzi hənbəli
fəqihləri məsələni “hadəsi unutsa” qeydi ilə vurğulamışlar.
Buhuti “Kəşşəful
qinə`:1/89” demişdir: “Əgər cümə və bayram qüsulu kimi sünnət qüsulu niyyət
etsə, qüsulu vacib edən hadəsi unudacağı təqdirdə, (sünnət qüsulu) cənabət
yaxud digər vacib qüsulu keçərli edəcək.”
Siracuddin əd-Duceyli
“əl-Vaciz:” kitabında demişdir: “Unutsa vacibi keçərli edəcək.” (Bax: ər-Raudul
murbi`:Bəbu furudil vudu va sıfətih)
Şeyx Salih ibn Useymin
“Şərhul mumti`:1/201” demişdir: “Məzhəbin görüşünu təmsil edən müəlifin (Həcəvi
qəsd edilir) bu sözlərindən anlaşılır ki, əgər insan boynunda vacib qüsulun
olmasını xatırlasa da, sünnət qüsulu üçün edilən niyyət vacib qüsulu keçərli
edir. Bəzi əshablar isə bunu “hadəsini unudacağı təqdirdə” sözləri çərçivəsində
qeyd etmişlər. Yəni cənabəti unutsa. Əgər cənabəti unutmasa onun hadəsi
qalxmır. Çünki sünnət qüsulu hadəsdən ötrü alınmır. Peyğəmbər (salləllahu
aleyhi və səlləm) demişdir: “Əməllər yalnız niyyətlərə görədir.” Bu adam isə,
boynunda cənabət qüslunun olmasını bildiyi və bunu xatırladığı halda yalnız
sünnət qüslunu niyyət etmişdir. Belə olan halda hadəs necə aradan qalxa bilər?
Məzhəb bunu belə
əsaslandırır ki, sünnət qüsulu şər`i təharət olduğu üçün o, hadəsi qaldırır.
Lakin bu əsaslandırma bir qədər nöqsanlıdır. Şübhə yoxdur ki, o məşru`
qüsuldur. Lakin o cənabətdən ötrü alınan vacib qüsuldan daha aşağıdır. Necə ola
bilər ki, sünnət, ondan daha üstün olan vacibi keçərli edəcək qədər gücə malik
olsun? Lakin əgər unutsa, bu zaman üzürlü olacaq.”
Məsələ:
Əgər biri cümənin səhəri cümə qüslunu alsa daha sonra onun boynuna cənabət
qüsulu düşsə, yekdilliklə insan yalnız cənabət qüsulu almalıdır. Bu məsələdə
yalnız Əuzai müxalif olmuş və cənabətlə birgə cümə qüslunu alımağın gərəkli
olduğunu demişdir.
Yazar: Emil Cəfərli